«Moskva Azərbaycan-Ermənistan sərhədinə öz əsgərlərini qoymaq istəyir» — kəndlərlə bağlı yeni nüans…
Emin Həsənli: «Belə vəziyyətdə Rusiya sərhədçilərinə iki ölkə arasında xidmət aparmağa icazə veriləcəyi inandırıcı sayıla bilməz»
Qarabağ münaqişəsi üzrə mütəxəssis, Karnegi Fondunun baş eksperti Tomas de Vaal müsahibəsində deyib ki, Ermənistanın təhvil verməyi nəzərdə tutduğu kəndlər SSRİ dövrünün istənilən xəritəsində Sovet Azərbaycanının tərkibində olub. Yəni Azərbaycana məxsus idi.
Onun sözlərinə görə, Moskva hazırda Azərbaycan və Ermənistan arasındakı delimitasiya prosesində iştirak etmək istəyir:
«Ermənilər sadəcə sərhədin daxilə doğru genişlənməsindən, Azərbaycan bayrağını daha yaxından görəcəklərindən narahatdırlar. Bir də dövlətlərarası yol məsələsi var. Ona görə narahatdırlar, lakin düşünürəm ki, Nikol Paşinyan daha geniş mənzərəni görməyə çalışır.
İrəvan üçün sərhədlərin müəyyən edilməsi çox həssas məsələdir: Paşinyan deyir ki, kəndlər qaytarılsın, sərhəd müəyyənləşsin. Bu, heç bir irəliləyişin olmamasından daha yaxşıdır. Moskva isə prosesə daxil olaraq öz sərhədçilərini iki ölkə arasında yerləşdirmək istəyir».
Tomas de Vaal məlumatlı insandır. Onun açıqlamasında diqqət çəkən məqam «Moska öz sərhədçilərini iki dövlət arasına yerləşdirmək istəyir», — deməsidir. Rusiyanın belə fikri ola bilərmi və olarsa, buna tərəflərin münasibəti necə olacaq?
Hərbi-siyasi şərhçi Emin Həsənli «Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, böyük dövlətlər bölgədə nəzarəti əllərində saxlamaq istəyir: „Xüsusən də Rusiya. SSRİ dağılandan sonra Rusiya keçmiş respublikaları əlində saxlamaq üçün etnik məsələlərin qızışdırılmasında maraqlı olub. Moldovada Dnestryanı, Gürcüstanda Abxaziya, sonra isə Ukraynada iki oyuncaq rejimi yaratdı. Qarabağ məsələsi də bu qəbildən olan münaqişələr sırasına aiddidir. Rusiya hər zaman istəyib ki, müxtəlif adlar altında öz mövcudluğunu təmin etsin. Qarabağda bunu sülhməramlı kontingent kimi etmişdi. Onlar Azərbaycandan çıxandan sonra Ermənistana yerləşdirildi. Görünən budur ki, Ermənistanla bağlı planlar var. Çünki Ermənistan ipə-sapa yatmır. Rusiya rəhbərliyi açıq deyir ki, Ermənistanı bir ölkə kimi onlar yaradıb. Bunu Azərbaycan ərazilərini verməklə təmin ediblər. Paşinyan da istəyir ki, müharibəni bitirib Qərbə doğru getsin. O yaxşı başa düşür ki, Qarabağ məsələsi tam yekunlaşıb, ancaq iki ölkə arasında sərhəd müəyyənləşməyənə qədər iki ölkə arasında vəziyyət normallaşmayacaq. Çalışır ki, prosesi tez bir zamanda yekunlaşdırsın. Paşinyan görür ki, Azərbaycan nə deyirsə, onun üzərində prinsipial dayanır və həmin problemi həll edir. Biz 10 noyabr Bəyanatının şərtlərini də özümüz həll etdik. Bilir ki, yaxın zamanda Zəngəzur dəhlizini açmağa da məcbur ediləcək. Ermənistanın bütün sərhədlərini hazırda Rusiya sərhədçiləri qoruyur. Azərbaycanla sərhəd müəyyənləşmədiyi üçün hər iki tərəfdən orada ordu birləşmələri vardı. Sərhədin müəyyənləşdiyi ərazilərdən ordu geri çəkilir, yerinə hər iki ölkənin müvafiq sərhəd qoşunları gəlir. Azərbaycan öz sərhədlərinin özü qoruyacaq. Güman etmirəm ki, Ermənistan bu işi Rusiyaya həvalə etsin. Çünki onlar sərhədə Avropa İttifaqının Müşahidə Missiyasını gətirib. Eyni zamanda Ermənistan mərkəzi hava limanından da rus sərhədçilərin çıxmasını tələb edir. Belə vəziyyətdə Rusiya sərhədçilərinə iki ölkə arasında xidmət aparmağa icazə veriləcəyi inandırıcı sayıla bilməz. Çünki Ermənistan hətta 102-ci hərbi bazanın da çıxarılmasını tələb edir. Rusiya çalışır ki, Paşinyanı devirib, yerinə özünə sərf edən hakimiyyəti gətirsin“.
Məhəmmədəli QƏRİBLİ