Ceyhun Bayramov ATƏT-in sədri ilə Ermənistanla normallaşma prosesini müzakirə etdi
Bu gün xarici işlər naziri Ceyhun Bayramov ilə Malta Respublikasının xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon danışığı aparılıb.
XİN-dən bildirilib ki, telefon danışığı zamanı ATƏT gündəliyində duran məsələlər, eləcə də regional vəziyyət müzakirə edilib.
Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri, hazırda ATƏT-in üzləşdiyi çağırışlar barədə ölkəmizin mövqeyi diqqətə çatdırılıb.
Nazir Ceyhun Bayramov həmçinin post-münaqişə dövründə regionda mövcud vəziyyət, Azərbaycan-Ermənistan normallaşma prosesi, ölkəmizin məsələlərə yanaşması barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.
Bununla yanaşı, ölkəmizin ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində ATƏT və sədrlik ilə mümkün əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Görüşdə, həmçinin, qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
ZÜMRÜD