Məktəblərə azsaylı xalqların dili ilə bağlı dərsliklər göndərildi
2023-2024-cü tədris ili üçün I sinif “Haput dili”, I – IV siniflər üçün “Talış dili”, “Saxur dili” və “Xınalıq dili” dərslikləri çap edilərək, azsaylı xalqların kompakt yaşadıqları ərazilərdəki ümumi təhsil müəssisələrinə çatdırılıb.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən bildiriblər.
Qeyd edilib ki, digər azsaylı xalqların dillərinə dair dərsliklər üzərində işlər davam etdirilir.
"Belə ki, II siniflər üçün “Haput dili”, I-II siniflər üçün “Tat dili” dərslikləri hazırlanma mərhələsindədir. Digər azsaylı xalqların dilləri üzrə layihələr işlənilir",- deyə qurumdan vurğulanıb.
Qeyd edək ki, “Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabat”ında ümumi təhsil müəssisələrinin I-IV sinifləri üçün "Azsaylı xalqların dili" fənni üzrə dərslik komplektləri hazırlandığı qeyd edilib.