Bakıda Türkmən qazının Avropaya nəqlindən danışıldı...
Vüqar Bayramov: “Praktiki olaraq Türkmənistan qazını CQD vasitəsilə texniki baxımdan ötürmək mümkündür”
Prezident İlham Əliyev ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda Türkmənistan təbii qazının Azərbaycan vasitəsilə Avropaya çatdırılması sualına belə cavab verdi ki, buna Aşqabad qərar verməlidir:
“Bu qərar verilərsə, onu Türkmənistan verməlidir. Əgər onlar Xəzərə, oradan da Azərbaycandan keçərək Avropaya gedəcək Transxəzər qaz kəmərini çəkmək barədə qərara gəlsələr, bizə müraciət edəcəklər. İndiyə qədər bunu etməyiblər. Təbii ki, biz bu layihənin təşəbbüskarı kimi çıxış etməyəcəyik. Çünki adətən layihəni resursların sahibi olan ölkə həyata keçirir. Məsələn, Bakı-Tbilisi-Ceyhanın və ya Cənub Qaz Dəhlizinin təşəbbüskarı və bir növ əlaqələndiricisi məhz Azərbaycan idi və bütün ev sahibliyi edəcək dövlətlərlə sazişləri və istehlakçılarla müqavilələri Azərbaycan razılaşdırırdı və imzalayırdı. Beləliklə, tranzit ölkənin layihəni maliyyələşdirməsi və ya təşəbbüskar kimi çıxış etməsini xatırlamıram”.
“Görsək ki, daha çox qaz ixrac etmək istəyir, o zaman yeni kəmərin çəkilməsi baş verə bilər”
Məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən millət vəkili Vüqar Bayramov da hesab edir ki, ilk növbədə qaza sahib olan dövlət bununla bağlı qərar verməlidir: “Türkmənistan qazının Azərbaycan vasitəsilə Avropaya nəql edilməsi müzakirə edilən məsələlərdəndir. Ancaq təbii ki, bununla bağlı qərarı məhz Aşqabad verməlidir. Çünki söhbət bu ölkə qazının Avropaya çıxarılmasından gedir. Azərbaycan Cənub Qaz Dəhlizinin ərsəyə gəlməsində həm təşəbbüskar oldu, həm də bu layihənin həyata keçirilməsində birbaşa iştirak etdi. Bir sözlə, bu layihənin reallaşmasında xüsusi paya malik olan ölkə oldu. Çünki məhz maliyyələşmədə Azərbaycan birmənalı şəkildə əsas tərəf kimi çıxış etdi. Bu gün Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan Avropaya, Türkiyəyə və o cümlədən Gürcüstana mavi qaz nəql edir. Təkcə 2023-cü ildə Azərbaycan Avropaya 11,8 milyard kubmetr qaz ixrac edib. Bütövlükdə Cənub Qaz Dəhlizinin ötürmə qabiliyyəti 31,5 milyard kubmetrdir. Praktiki olaraq bu o deməkdir ki, Türkmənistan qazının da bu dəhliz vasitəsilə nəqli texniki baxımdan mümkündür. Ancaq heç şübhəsiz, bu məsələ ilə bağlı qərarı Türkmənistan özü verməlidir. Hələ ki, rəsmi Aşqabad belə bir qərar verməyib. O üzdən, Türkmənistan tərəfindən belə bir qərar verilərsə, Cənub Qaz Dəhlizi vasitəsi ilə türkmən qazının Avropaya ötürülməsi məsələsi gündəm olarsa, o zaman bu dəhlizin texniki imkanları həmin qazı Avropaya ötürməyə imkan yaradar. Görsək ki, Türkmənistan daha çox qaz ixrac etmək istəyir, o zaman yeni kəmərin çəkilməsi baş verə bilər”.
Vidadi ORDAHALLI