Gürcüstan parlamenti qalmaqallı qanunu qəbul etdi - etirazçılar binaya daxil olmağa cəhd etdi...
Gürcüstan parlamenti bir az əvvəl “Xarici agentlər haqqında” qanun layihəsini ikinci oxunuşda səsverməyə qoyaraq 23 əleyhinə 83 səslə qəbul edib.
Qanunun qəbul edilməsinə qarşı çıxan etirazçılar isə Tbilisi küçələrində etiraz aksiyalarını davam etdirəcəklərini bəyan ediblər. Parlament qarşısındakı aksiyada Rati Amağlobelinin dediyinə görə, bir axın Birinci Gimnaziya yanından, ikinci axın isə Şagird-Gənçlik sarayından hərəkətə başlayacaq. Onun sözlərinə görə, Tbilisi küçələrində zorakı olmayan hərəkat başlayacaq.
“Bu gənclərimizi böyüdən iki ocaqdır, biz gələcəyimizi qorumaq üçün bu mərkəzdə toplaşırıq”,- Rati Amağlobeli deyib.
Hazırda davam edən etirazçı qruplardan birinə Rati Amağlobeli və Eka Kvesitadze rəhbərlik edir.
Aksiya iştirakçılarının bir hissəsi isə parlamentin qapısını sındıraraq içəri daxil olmağa çalışıb. Aksiya iştirakçıları Rusiya bayrağını da yandırdılar.
Bundan əvvəl Daxili İşlər Nazirliyi məlumat yayaraq, etirazçılarn parlamentin ətrafını tamamilə tərk etdiyini və etirazçıların istədikləri yerdə aksiya keçirmək imkanına malik olduqlarını qeyd edib. DİN siyasi partiya rəhbərlərini, aksiyanın təşkilatçılarını və iştirakçılarını qanunu pozmamağa, etirazlarını dinc şəraitdə bildirməyə, zorakılıq xarakterli aksiyalar keçirməməyə çağırıb.
TAHİR