Un və çörək istehsalı düşüb - az yeyirik, ya başqa səbəblər var?..
Akif Nəsirli: “Əhalinin çörəyə olan tələbatı 40 faiz azalarsa istehsalçılar qiyməti dəyişməli olacaq”
Ölkədə un və çörək istehsalı azalıb. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında qeyd olunub. Məlumatda bildirilir ki, 2024-cü ilin ilk rübündə 262.1 min ton çörək istehsal edilib. Bu da əvvəlki dövrlə müqayisədə 8.2 faiz azdır. Rəsmi məlumata görə, 2023-cü ildə də un istehsalı 2.6 faiz, çörək istehsalı isə 3.1 faiz azalıb.
Maraqlıdır, çörəyə təlbatın azalması sağlıqla bağlıdır, yoxsa başqa səbəblər var? Bu tələbat azalması qiymətlərə təsir edə bilərmi?
“Çörəyə təlabat azaldığı üçün çörək istehsalçıları da istehsalı azaltmaq məcburiyyətində qalır, bunun başlıca səbəbi insanların bir hissəsinin çörəkdən imtina etməsi ilə bağlıdır”
Aqrar sahə üzrə ekspert Akif Nəsirli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, vaxtilə azərbaycanlılar “çörək yeyən” xalq kimi tanınırdı. Son illər bu sahədə aparılan təbliğat öz işini görüb: “Əvvəlki illərlə müqayisə çörək satışı azalıb. Bunun da səbəbi pəhrizlə bağlıdır. Çörəyə tələbat azaldığı üçün çörək istehsalçıları da istehsalı azaltmaq məcburiyyətində qalır. Bunun başlıca səbəbi insanların bir hissəsinin çörəkdən imtina etməsi ilə bağlıdır. Bu gün elə bir ailə yoxdur ki, kimsə çörək və ya şirniyyatdan imtina etməsin. Çörək satışı baş tutmursa mütləq şəkildə istehsal azalmalıdır. İnsanlar daha rasional şəkildə un və çörək məmulatlarından istifadə edirlər. Bu sahədə əvvəllər biz israfçılıq müşahidə edirdik. Bu həm də onu deməyə əsas verir ki, israfçılıq daha da azalır. Yəqin ki, insanlar öz rasionlarında çörək məmulatlarını daha da azaldıblar, sağlam həyata, dietaya üstünlük verirlər”.
Həmsöhbətimiz hesab edir ki, çörəyə tələbatın azalması qiymətlərə təsir etməyəcək. Bunun üçün uzun müddət lazımdır: “Əhalinin çörəyə olan tələbatı 40 faiz azalarsa istehsalçılar qiyməti dəyişməli olacaq”.
Günel CƏLİLOVA