Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....
"Azərbaycanda fəaliyyət göstərən həkimlərin 60-70 %-i paytaxtda cəmləşib". Bunu TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov Səhiyyə İdarəçiləri Zirvəsi çərçivəsində panel çıxışı zamanı deyib. O bildirib ki, hazırda regionlarda həkim çatışmazlığı müşahidə olunur.
Maraqlıdır, həkimlərin rayon xəstəxanalarında işləməməsinin səbəbləri nədir?
Müşfiq Məmmədli: "Ölkə qısa bir müddət ərzində ixtisaslı həkimlərlə təmin olunmasa..."
Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Müşfiq Məmmədli "Bakı-Xəbər-ə açıqlamasında bildirdi ki, bölgələrdə həkim çatışmazlının həm obyektiv, həm də subyektiv səbəbləri var: "Bakı, Sumqayıt, ümumiyyətlə, Abşeron yarımadası iqtisadi fəallığın yüksək olduğu ərazidir. Ona görə də əhalinin bu bölgəyə axını yüksəkdir. Bu, təkcə Azərbaycan üçün yox, bütün dünya ölkələri üçün bazar iqtisadiyyatının spesifik xüsusiyyətlərindəndir. Bununla yanaşı, hər bir həkimin maddi rifah halını iqtisadi fəallıq olan bölgədə yüksəltmək ehtimalı daha çoxdur. Karyera inkişafı bu bölgədə daha genişdir. Həmçinin onu da deyim ki, ölkə qısa bir müddət ərzində ixtisaslı həkimlərlə təmin olunmasa, yaxud onların qeyri-bərabər paylanması davam etsə, bu, ölkə səhiyyəsində özünü büruzə verir”.
Adil Qeybulla: "Bu gün İcbari Tibbi Sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə edilməsinə baxmayaraq, regionlarda işləmək üçün xüsusi imkanlar, şərtlər yoxdur"
Professor, tibbi ekspert Adil Qeybulla "Bakı-Xəbər"-ə şərhində qeyd etdi ki, regionlarla mərkəz arasında struktur inkişafı səviyyəsində ciddi fərqlər mövcuddur: “Bu gün İcbari Tibbi Sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə edilməsinə baxmayaraq, regionlarda işləmək üçün xüsusi imkanlar, şərtlər yoxdur. Artıq sosialist təsərrüfatı bitib. Sadəcə olaraq, həkimlərin marağı yaranmalıdır. Yəni ən azı regionlarda işləyən şəxslər üçün müxtəlif sosial proqramlar olmalıdır. Məsələn, maaşlarında ciddi fərqlər, müəyyən iş stajından sonra pensiya təminatında fərqlər kimi amillər ola bilər. Yəni insan bunları ölçüb-biçib gedib rayonda işləməlidir. İndiki reallıq ancaq bu cür ola bilər. Bunlar olmadığına görə heç kimi rayona məcburən göndərmək olmaz”.
Günel CƏLİLOVA