“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb
Nəzakət Məmmədovanın təsisçiliyi və baş redaktorluğu ilə 2011-ci ildən nəşr olunan “Yada düşdü” ədəbi-bədii, nostalji jurnalının oktyabr-noyabr-dekabr sayı (51) işıq üzü görüb. Jurnalın 51-ci sayının üz qabığında 530 illiyini qeyd etdiyimiz dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin şəkli əks olunub.
“Yada düşdü”nün ilk səhifəsi Nəzakət Məmmədovanın “ölüm” haqda yazdığı kiçik elegiya və Tağı Əhmədova həsr etdiyi “O dünyan cənnətdir” şeiri ilə açılır.
Acısı şirindən bol verilibdi,
Kədəri sevincə möhtac dünyanın.
Eləcə, əlindən tutub gedirik,
Gözləri doymayan, bu ac dünyanın.
Jurnalın bu sayında Lütfiyyə Əsgərzadənin “Ədəbiyyatda milli oyanış və dirçəliş prosesi: Heydər Əliyev və Hüseyn Cavid”, Hikmət Məlikzadənin “Səmimi insan-sadə deputat”, Dlarə Adilgilin “Şəxsiyyət yazıçı” Aytən Musayevanın “Bakıxanovların layiqli davamçısı Tofiq Bakıxanov”, Aytən Misirzadənin “O sənli günlər...Və sənsizlik...”, Barat Vüsalın “Unudulmaz sağlıq...Barat Vüsal Davud Nəsibi yad edir”, Rübabə Şirinovanın “Abasqulu Xan İrəvanskinin nəticəsi-Ofelya xanım Bağırbəyova”, “Qəlbimizə yazılan şeirlər”, Nəzakət Məmmədlinin “Yaxşı adam...Rəşad Məscid”, Qulu Məhərrəmli 70-“Örnək şəxsiyyət”, Elçin İsgəndərzadə 60-“Fədakar insan”, Kəmalə Abıyeva70-“Könül ünvanım haqqında yubiley sözü” yazılarını oxuya bilərsiniz. Jurnalın bu sayında həmçinin Sayman Aruzun şeirləri, Maarifə Hacıyevanın “Azərbaycan ədəbiyyatında təbiət mövzusu və ekoloji dünyagörüş” məqaləsi, Qulu Ağsəsin “Görürsən üşüyürsən... Yandır özünü” adlı şeirləri, Salatın Əhmədlinin “Təkcə bu dığalara qalsaydı...” yazısı, Təranə Turanın “Elə susdum, daş bildilər”, Nazim Əhmədlinin “Bir gün mən də bulud olum” poetik nümunələri, Ulduz Qasımın “Ceyran xanım”, Anar Məmmədovun “Ədəbiyyata və universitetə bağlı şərəfli ömür”, sakit Məlikovun “Sahibsiz yük”, Aynur Qafarlının “Azərbaycan qadının zəriflik simvolu-kəlağayı”, Aysel Fikrətin “Onun Vətəni musiqidir” yazıları ilə də tanış ola bilərsiniz.
“Yada düşdü”nün bu sayında ənənəvi “Gözlədiyimiz kitablar” və “Uşaqlar, ay Uşaqlar” rubrikasında könül açan nümunələrə rast gələcəksiniz. Jurnalda Arzu Kazımqızı Nehrəmlinin “Uzağa gedən gün” yazısı və sonuncu səhifədə “Həyatımızı dəyişən aforizmlər” yer alıb.
İnanırıq ki, həmişə olduğu kimi, görüşünüzə əlidolu gələn “Yada düşdü” jurnalının Yeni il töhfəsi də ürəyinizcə olacaq və hər bir oxucu bu jurnalın səhifəsində öz istədiyi yazını, şeiri, qiymətli fikirləri oxuya biləcək.
İradə SARIYEVA