“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”
Bu gün Azərbaycan Yazıçılar Birliyinin Natavan Klubunda “Mirzə İbrahimovun irsinin qorunması və təbliği” Fondunun layihəsi olan Mirzə İbrahimov adına I Beynəlxalq Gənclər Müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi təşkil olunub. Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, “Mirzə İbrahimovun irsinin qorunması və təbliği” Fondunun Himayəçilik Şurasının sədri, Xalq yazıçısı Çinqiz Abdullayev görkəmli ədib, dövlət və ictimai xadim, Dövlət mükafatı laureatı, Beynəlxalq Nehru mükafatının laureatı, akademik, Azərbaycanın Xalq yazıçısı Mirzə İbrahmovun yaradıcılığından, onun Azərbaycan mədəniyyətinə və ədəbiyyatına verdiyi əvəzsiz töhfələrindən söhbət açıb. Qeyd edib ki, Mirzə İbrahimov yeni dövr Azərbaycan ədəbi-bədii və ictimai-siyasi fikrinin görkəmli nümayəndələrindən biridir. Onun kimi şəxsiyyətlərin xalqın mənən oyanmasında xüsusi rolunu diqqətə çatdıran Ç.Abdullayevyazıçının elmi-nəzəri və bədii irsinin öyrənilməsinin vacib məsələ olduğunu da vurğulayıb.
Müsabiqənin münsiflər heyətinin sədri Xalq yazıçısı Elmira Axundova Fondun ilk layihələrindən olan Mirzə İbrahimov adına I Beynəlxalq Gənclər Müsabiqəsinin əhəmiyyətindəndanışıb. E.Axundova qeyd edib ki, müsabiqədəAzərbaycanla yanaşı, Rusiya Federasiyası, Özbəkistan, İran İslam Respublikasından olan müəlliflər iştirak ediblər və təqdim olunan işlər Mirzə İbrahimovun həyat və yaradıcılığında baş vermiş əlamətdar hadisənin araşdırılmasına həsr olunaraqXalq yazıçısının tanınmış “Gələcək gün” romanının adı ilə uzlaşan baxış bucağını əks etdirir.
E.Axundova bildirib ki, görkəmli yazıçı, ədəbiyyatşünas, ədəbi tənqidçilərdən ibarətmünsiflər heyəti işlərin dəyərləndirməsi və seçimi zamanı bədii dəyər, üslub vahidliyi, ideya kreativliyi, bilik səviyyəsi kimi meyarları əsas götürərək qaliblərlə bağlı yekdil qərar verib. Daha sonra qaliblərin adları açıqlanıb. “Ən yaxşı elmi-tədqiqat işi” nominasiyası üzrə Pərvanə Məmmədlinin “Mirzə İbrahimov yaradıcılığında xalqın taleyüklü məsələləri”, Nigar Yahyazadənin “Mirzə İbrahimov yaradıcılığı tədqiqatlarda” işləri müvafiq olaraq I, II yerlərə, həvəsləndirici mükafat olaraq III yerə isə Məlihə Əzizpur Özturhanın “Mirzə İbrahimovun İran ədəbi mühitlərindəki yeri” adlı işilayiq görülüb.
“Ən yaxşı ssenari” üzrə Eldəniz Məmmədov (Özbəkistan) “Şuşada əhvalat”, Sanjar Murodşayoxovun “Ana”, Karina Aseinovanın “Çobanın sevgisi” ssenariləri müvafiq olaraq I, II və III yerlərə, həvəsləndirici mükafatlar isə Lamiyə Məmmədovanın “Oğru”, Baxrom Musurmanovun “Qübbə”, Karina Aseinovanın “Çobanın sevgisi” ssenarilərinə təqdim edilib. “Ən yaxşı esse” üzrə Orxanİsayevinyeni yazı üslubu və ideya kreativliyinə görə Qran Pri mükafatına layiq görülüb. Bundan əlavə, Racu Gözəlov (Şıxlı)“Bir kərə yüksələn bayraq, bir daha enməz!”, Kəmalə Nəcəfova “Pıçıltı ilə qışqıran ədib”, Sara Əliyeva isə “Gələcək gün” esseləri ilə müvafiq olaraq I, II və III yerdə qərarlaşıblar.
Sonuncu, “Ən yaxşı ədəbi-bədii əsər” nominasiyasında Əsmər Əhmədovanın “Ümid” hekayəsi qalib olub. Qaliblərinin işləri “Gələcək Gün” adlı beynəlxalq elmi-nəzəri jurnalın xüsusi buraxılışında təqdim edilib.