Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...
Fikrət Yusifov: “Ölkədə maliyyə sabitliyinin əsası 1994-cü ildə, “Əsrin Müqaviləsi” ilə qoyuldu”
Son 10-15 ildə Azərbaycanın ən böyük nailiyyətlərindən biri də ölkəmizdə mövcud olan maliyyə sabitliyi və makroiqtisadi stabillikdir. Dünyada iqtisadi böhran hökm sürür, amma Azərbaycanda maliyyə sabitliyidir.
Məsələn, pandemiya bir sıra ölkələrin sosial-iqtisadi həyatında sarsıntılarla müşahidə olundu, amma Azərbaycana bunun ciddi təsiri olmadı. O cümlədən, ixrac edilən enerji məhsullarının qiymətlərindəki oynamalar da hansısa təsir göstərmədi. Sözügedən iqtisadi uğurun əldə edilməsində, heç şübhəsiz, Prezident İlham Əliyevin apardığı siyasətin müstəsna rolu var. Çünki həqiqətən də Azərbaycan regionda və dünyada sabitlik adasıdır. Bu illər ərzində baş verən bir sıra iqtisadi kataklizmlərdən ölkəmiz özünü qoruya bildi.
Maraqlıdır, bəs ekspertlər bütün bunları necə dəyərləndirir? Azərbaycanda maliyyə sabitliyi necə əldə olundu, inflyasiya necə durduruldu? Bu kurs başqa oxşar ölkələr üçün nümunə model ola bilərmi?
“Son doqquz ildən bir qədər artıq zaman kəsiyində manatın məzənnəsi tam sabitdir”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən sabiq maliyyə naziri, professor Fikrət Yusifov bunu belə əsaslandırdı: “Əvvəla, Azərbaycanda maliyyə sabitliyinin əsası 1994-cü ildə, “Əsrin Müqaviləsi” ilə qoyuldu. Bu müqavilə ilə həmin dövrdə ölkəmizə onun ümumi daxili məhsulundan 7-8 dəfə çox xarici kapital yatırılması gələcək Azərbaycan iqtisadiyyatının və onun maliyyə sisteminin möhkəm əsaslarını qoymuş oldu. Bu gün Azərbaycan dünyada ən az xarici borcu olan ölkələrdən biridir, onun valyuta ehtiyatları ümumi daxili məhsuluna bərabər bir səviyyədədir. Çünki Prezident İlham Əliyevin timsalında düşünülmüş və praqmatik maliyyə siyasəti yeridilir. Son doqquz ildən bir qədər artıq zaman kəsiyində manatın məzənnəsi tam sabitdir. Manatın məzənnəsində müəyyən dəyişikliklər 2015-ci ildə dünya bazarlarında neftin qiymətlərinin kəskin dəyişməsi səbəbindən baş verdi. 2016-cı ildən etibarən bugünə qədər milli valyutamız 1 ABŞ dolları üçün 1 manat 70 qəpik kursunu qoruyub saxlayır. Azərbaycan hökuməti və Mərkəzi Bank bunun üçün milli valyutanın tənzimlənən kursla idarə olunmasına üstünlük verir ki, bu da öz növbəsində ölkədə inflyasiya proseslərini də nəzarətdə saxlamağa şərait yaradır. Təbii ki, bu, iqtisadi-maliyyə proseslərinin idarə olunmasında bir üsul hesab olunur. Lakin nəzərə almalıyıq ki, dünya iqtisadiyyatının ayrılmaz tərkib hissəsi kimi Azərbaycan iqtisadiyyatı və onun maliyyə sektoru da tam liberallaşmaya doğru getməyə məhkumdur. Yəni biz gec-tez Ümumdünya Ticarət Təşkilatına üzv olmalı və milli valyutamızın üzən məzənnəyə keçməsinə rəvac verməliyik. Bu son, alternativi olmayan və ən düzgün yoldur”.
Vidadi ORDAHALLI