Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...
Prezident İlham Əliyev Rusiya mediasına müsahibəsində "Azərbaycana atom elektrik stansiyası lazımdırmı" sualına çox maraqlı və müçərrəd cavab verdi:
"Mən bizim energetika gündəliyini sanki bir az açıqlayardım ki, tamaşaçılara bizim harada olduğumuz və nə etdiyimiz aydın olsun. Azərbaycanda təbii qazın sübut olunmuş ehtiyatları 2,6 trilyon kubmetr səviyyəsindədir. Nəzərə alsaq ki, otuz il ərzində bizim işlətdiyimiz neft yataqları, resursların yeni qiymətləndirilməsi 500 milyon tondan bir milyard yarım tona çatıbdır, onda bizim qaz və qaz-kondensat yataqlarımız haqqında təxminən eynisini demək olar. Yəni 2,6 trilyon on il əvvəlki qiymətləndirilmiş ehtiyatlardır. Aydındır ki, bu cür potensial həcmlə və 25 milyard kubmetr ixrac həcmi ilə biz əlavə enerji mənbələrinə ehtiyac duymuruq. Üstəlik, Qarabağda və Şərqi Zəngəzurda son üç ildə təxminən 300 meqavatlıq kiçik SES-lərin yaradılması layihələrini artıq həyata keçirmişik və iki ildən sonra bu, 500-ə çatacaq. Əlavə olaraq, külək və günəş energetikasını xarici investisiyalar hesabına fəal şəkildə inkişaf etdiririk. Dünya Bankının qiymətləndirməsinə görə təkcə Xəzərdə külək enerjisi ehtiyatları 157 min meqavatdır. 2030-cu ilə qədər artıq imzalanmış müqavilələr və indi yerinə yetirilən layihələr bizə 6 min meqavat verəcək. Yəni bu, sizin bizə AES-in lazım olması ilə sualınıza cavabın bir hissəsidir. İndi başqa məsələyə keçirəm, zənnimcə, bu, maraqlı olardı. Birincisi, iqtisadiyyatın daha bir sektoru nöqteyi-nəzərindən.
... Bu sahə potensial kadrlar deməkdir, bu, bizim heç vaxt malik olmadığımız tamamilə yeni kadrlardır. İkincisi, hər halda bu, dünyada mövcud olan tendensiyadır və ondan geri qalmaq istəmirik. Ona görə də artıq mənim tərəfimdən tapşırıq verilib ki, elmi təcrübəli strukturların, elmi məqsədlərlə kiçik reaktorların imkanları öyrənilsin ki, bunun məhz bu nöqteyi-nəzərdən bizə nə verəcəyini görə bilək.
Bunun çox bahalı iş olduğunu, günəş, külək enerjisi layihələrinin Azərbaycanda xarici investorlar tərəfindən həyata keçirildiyini, dövlətin heç bir sərmayə qoymadığını, sadəcə, belə bir potensiala malik olacağını nəzərə alaraq, əlbəttə, biz bu sahəyə daha çox investisiya layihələrində maraqlı idik. Əgər hər hansı bir ölkədən hansısa şirkət maraq göstərərsə, biz də birgə investor ola bilərik. Zənnimcə, bu, investisiyalar üçün yaxşı layihə ola bilər. Çünki indi, elə bu günlərdə, yaxın vaxtlarda, yəqin ki, həftələrdə və ya bir-iki ayda buradan, Azərbaycandan Qara dənizin dibi ilə enerji kabellərinin tikintisinin texniki-iqtisadi əsaslandırılması başa çatacaq. İlkin mərhələdə bu, 4 min meqavatdır, amma Avropa ölkələrinin enerjiyə tələbatını nəzərə alaraq, hətta onların özünün çoxlu investisiya qoymaları baxımından biz bilirik ki, onsuz da bunlara tələbat olacaq. Ona görə də onlara təmiz yaşıl enerji mənbələri lazım olacaq. Yəni bu, yaxşı aparıcı qüvvə ola bilər. Həmçinin Azərbaycanda elektrik enerjisinin daxili qiymətləri elədir ki, bu sektora investisiyalar və şirkətlər üçün istehlakçılara elektrik enerjisinin satışı kommersiya nöqteyi-nəzərindən tamamilə məqbuldur. Bu baxımdan mən bir növ sizin sualınıza cavab verməyə çalışdım. Bu, “hə” və ya “yox” demək deyil. Bu, daha çox “hə”dir, amma ... Bundan sonra bizim bir növ ev tapşırığımız başlayır".
Abutalıb Səmədov: "Rusiya daha çox iri həcmli AES-lər tikmək istiqamətində ixtisaslaşıb"
Məsələni baki-xeber.com saytına şərh edən politiloloq Abutalıb Səmədov bildirdi ki, Azərbaycan özünün elektrik enerjisinə olan tələbatını ödəyir, müəyyən qədər elektrik enerjisini ixrac da edir: "Əsasən SES və İES-lər vasitəsilə tələb edilən elektrik enerjisi istehsal edilir. Eyni zamanda, günəş və kulək enerjisindən istifadə edilməsi üçün də layihələr həyata keçirilir. Azərbaycan Avropaya "yaşıl enerji" satmağa hazırlaşır. Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, təkcə Xəzər dənizində "yaşıl enerji" potensialı 157 min meqavatdir. Yəni Azərbaycan həm ənənəvi, həm də alternativ enerji mənbələri ilə zəngindir.
AES-ə tələbati qiymətləndirərkən bir necə məqam nəzərə alınmalıdır. Birincisi, AES tikintisi layihələri kifayət qədər investisiya tutumludur, yəni baha başa gəlir. AES-in bir bloku təxminən 8 milyard dollara başa gəlir. Məlumdur ki, Türkiyə Rusiyanın "Rosatom" şirkəti vasitəsilə Akkuyuda AES tikir. Bu, dörd blokdan ibarət AES-dir və Türkiyəyə ucuz başa gəlir - təxminən 24-25 milyard dollara başa gəlməsi planlaşdırılır. AES işə düşdükdən sonra Türkiyə hər il bu qurğuda 4800 meqavat elektrik enerjisi istehsal edəcək. Lakin bu gücdə AES-in bazar qiyməti 30 milyard dollardan çox investisiya tələb edir ki, bu da Azərbaycan üçün çox böyük məbləğdir. Bu səbəbdən Azərbaycan belə bir layihəni reallaşdırmağa ehtiyac duymur.
Bir tərəfdən ölkə özünu başqa mənbələrlə elektrik enerjisi ilə təmin edir, digər tərəfdən isə bu layihə çox baha başa gəlir.
İkinci yerdə isə təhlükəsizlik məsələsi gəlir. Məlumdur ki, qonşu Ermənistanda hələ sovetlər donəmində AES tikilib. Metsamor AES 1969-70-ci illərdə istifadəyə verilib. AES İrəvan şəhərindən 26 km uzaqlıqda yerləşir. Yəni AES-də hər hansı bir qəza baş versə Ermənistanın paytaxtı köçürülməlidir - şəhər sakinləri təhlükəsiz yerlərə evakuasiya edilməlidir. Hələ Metsamor AES bizim üçün də təhlükəlidir. AES-in təmirə ehtiyacı var və buna Ermənistanın gücu çatmır. Düzdür, bu barədə Paşinyan Putinlə danışıqlar aparıb, amma ortada razılaşma yoxdur. Paşinyan təklif etmişdi ki, Rusiya Metsamor AES-i yenidən qursun. Çunki bu həm Ermənistan, həm də bölgə üçün ciddi təhlükədir. Bu təhlükələrin biri də ondan ibarətdir ki, Metsamor AES 8 bal gücundə zəlsələyə davamlıdır. Ancaq 1988-ci ildə Spitakda və Leninakanda baş verən zəlzələnin gücu Rixter şkalası üzrə 9-10 bal gücündə idi. Həmin vaxt ciddi təhlükə yaranmışdı. Bu səbəbdən həm biz, həm də bütün dünya narahatdır. Azərbaycanın da təhlükəsizlik baxımından belə bir layihəyə baş vurmasına ehtiyac yoxdur. Çunki Azərbaycan ərazisinin də böyük bir hissəsi seysmik cəhətdən aktiv zonadır. Məsələn, Bakı 9 bal gücündə zəlzələlərin gözlənildiyi zonadır. Gəncə və Şamaxı da güclü zəlzələlərin gözlənildiyi ərazilərdir. Əvvəllər də bu regionlarda güclü zəlzələlər olub. Bu əlamət AES tikintisinin müzakirəsi zamanı nəzərə alınmalıdır və alınır da...
Bütün bunlari nəzərə alaraq Azərbaycan Prezidenti açıq şəkildə dedi ki, böyük AES-lərə Azərbaycanın ehtiyacı yoxdur. Ancaq kicik reaktorlardan istifadə edilərək elektrik enerjisi almaq məsələsi öyrənilməlidir. Bu barədə dövlət başçısı tapşırıq verib, dünya təcrübəsi araşdırılır və öyrənilir. Bu işdə Rusiyanın Azərbaycana yardımçı olmaq imkanı yoxdur. Çunki Rusiya daha çox iri həcmli AES-lər tikmək istiqamətində ixtisaslaşıb. Bu cür kiçik atom reaktorlarının tətbiqi təcrübəsi daha çox Qərb ölkələrində olduğu üçün onların təcrübəsi öyrənilməlidir və ehtiyac olarsa, onların yardımından istifadə olunmalıdır. Cənab prezidentin nə "hə", nə "yox" cavabı da məhz bu cür anlaşılmalıdır. Azərbaycan atom enerjisindən imtina etmək fikrində deyil, amma böyük AES-lərin tikilməsini də məqbul hesab etmir. Kiçik atom reaktorlarının təcrübəsi öyrənilir, məqbul sayıldıqda bu cür reaktorlardan istifadə olunacaq - Azərbaycan daha bir elektrik mənbəyindən istifadə edə biləcək. Təbii ki, bundan sonra Azərbaycanın daha cox elektrik enerjisi satmaq imkanı yaranacaq. Bu, ölkə iqtisadiyyatı üçun əhəmiyyətli məsələdir".
Dəniz NƏSİRLİ