Lənkəranın illərlə bərbad qalan yolları...
Lənkəranda son vaxtlar insanları ən çox narahat edən gediş-gəliş üçün yararsız hala düşən yollardır. Asfaltı dağılmış, bərbad hala düşmüş, üstü çuxurlu, palçığı dizə qalxan yollar illərdir ki, rayonda aidiyyəti qurumları heç də düşündürmür.
Əsasən bu problemin müşkülə düşməsinin səbəbi yerli məmurların verdiyi yalan vədlər, əhaliyə göstərdikləri biganəlikdir.
Rəsmilər Lənkəranda bütün yolların rahat olduğunu desə də, görünən dağa nə bələdçi? Rayonda çox kənd yollarında artıq hərəkət etmək təhlükəlidir. Kərgəlan kəndin yolu daha acınacaqlı vəziyyətdədir. Bir balaca yağış yağanda mövcud olan gölməçələr dolur, yol keçilməz olur. Payızın palçığı, yayın toz-torpağı isə yola çıxanları pis günə qoyur. Çala- çuxurlarda nəqliyyat vasitələri tez sıradan çıxır. Ümumiyyətlə, yol heç cür günün tələblərinə cavab vermir, onun təmirinə ciddi ehtiyac vardır. Kənddə yaranmış problemdən əlaqədar təşkilatların da yaxşı xəbərləri vardır. Di gəl ki, iş görülmür.
Lənkəranda yol sıradan bəxti gətirməyən bir kənddə Xanbulandır. Kənddə işlək yolda sürüşmə hadisəsi baş verib, hazırda yol yarasız hala düşüb. Qəzaların burada baş verməsi hər an labüddür. Daha dəqiq desək, yağışlı havada avtomobillərin idarəetməni itirməsi və arzuolunmaz qəzaların baş vermə ehtimalı çoxdur. Amma yolu qaydaya salmaq aidiyyəti qurumları heç narahat etmir. Rayonda Şilavar kənd camaatı da yoldan narazıdır. Deyirlər ki, “18-ci məhəllə” adlanan ərazidə avtomobillərin hərəkət etməsi mümkün deyil. Buna səbəb məhəllədən keçən yolu kəndin əsas yoluna birləşdirən hissədə bərənin olmasıdır. Yağıntılı günlərdə bu ərazidə piyadaların hərəkəti üçün də çətinlik yaranır. Dəfələrə bərəyə yıxılma halları da olub.
Lənkəran şəhərin özündə olan bərbad küçələr artıq sayını itirib. Şəhidlər Xiyabanı 46/18 ünvanında yerləşən küçə yollarında son vaxtlar yaranan çuxurlara yağış suları dolur, nəticədə nəqliyyat və piyadaların hərəkəti çətinləşir. Heydər Əliyev küçəsi, Kiçik Bazar məscidinin yanındakı dördmərtəbəli binanın yerləşdiyi yollar dağılıb, amma təmir olunmur. Sayı bilinməyən çuxurlar istər yağışlı, istərsə isti günlərdə həmişə gediş-gəliş üçün problemdir. Şəhərdə dağılıb yararsız hala düşən küçələrdən biri Məmməd Səid Ordubadinin adınadır.
Yerli sakinlər söz düşəndə bildirirlər ki, bizim Prezidentimiz olduqca müdrik, öz xalqını sevən, gecə-gündüz onların xoş güzəranı naminə çalışan bir rəhbərdir. Amma yerli məmurlar xalqı tamam unudub, özündən başqa heç kimi düşünmür. Nəticədə rayonda həlli vacib olan sosial məsələlər get-gedən qalaqlanır. Bunlardan ən əsası isə illərlə yolların təmirsiz qalmasıdır...
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü