Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...
Elşən Manafov: “Rəsmi Kiyev özü Azərbaycana müraciət edib və Slovakiyaya nəql ediləcək qazın...”
Ukrayna ilə “Qazprom” arasında tranzit müqaviləsi başa çatmaq üzrədir. Ukrayna prezidenti Vladimir Zelenski cümə axşamı Brüsseldə Avropa İttifaqı liderləri ilə görüşündən sonra bildirib ki, Ukrayna artıq Rusiya qazının öz ərazisindən tranzitinə icazə verməyəcək.
Onun sözlərinə görə, bu qadağa Rusiya qazının Azərbaycan qazı adı altında Avropaya satılmasının qarşısını alacaq. “Bizim qanımız bahasına əlavə milyardlar qazanmasına icazə verməyəcəyik. Rusiyadan bir şey alan hər bir ölkə sonda Rusiyadan asılı olacaq, bu onların siyasətidir” deyən Zelenski Ukraynanın qərarını dəyişdirməsi və tranzit müqaviləsini yeniləməsi ehtimalı ilə bağlı sualı cavablandırıb.
Məgər Rusiya Azərbaycan qazı adı altında öz qazını satır? Zelenski bilmirmi ki, Azərbaycanın öz ixrac kəməri var?
“Tranzitindən qazanacaq tərəf olan Zelenski nə rəsmi Bakı, nə də Bratislavaya qaz nəqlinin təhlükəsizliyinə təminat vermir”
Sözügedən məsələyə aydınlıq gətirən politoloq Elşən Manafov “Bakı-Xəbər”ə açıqlamasında Zelenskinin fikirlərinin qəbuledilməz olduğunu bildirdi: “Rusiya qazının Ukrayna ərazisi ilə Avropaya nəqli ilə bağlı hələ 2019-cu ildə tərəflər arasında razılıq əldə edilib. Məlum kəmərlə “Qazprom” il ərzində Avropaya 15 milyard kubmetr qaz ixrac edirdi. Rusiya ilə savaş başlandıqdan sonra Zelenski dəfələrlə məlum kəmərlə Avropa ölkələrinə qazın nəqlinə son qoyacağı ilə bağlı açıqlamalarla çıxış edib. Nəhayət, gələn ilin ilk günündən etibarən rus qazının Avropaya nəqlinin dayandırılacağı ilə bağlı birtərəfli qərar verib. Zelenskinin bu kəmərlə Rusiyanın əldə etdiyi mənfəət hesabına Rusiyanın Ukraynaya qarşı savaş aparması barədə açıqlamaları populizmdən başqa bir şey deyil və gerçəkləri özündə ehtiva etmir. Əvvəla, məlum kəmərlə rus qazının tranzitinə görə rəsmi Kiyev bütün bu illər ərzində milyonlarla vəsait əldə edib. İkincisi, kəmərlə qazın tranzitinin dayandırılması haqqında qərarın arxasında ABŞ, konkret olaraq Bayden administrasiyası durub. Ukraynadakı müharibənin ən mühüm səbəblərindən biri də məhz Rusiyanın Avropanın enerji bazarlarından sıxışdırılıb çıxarılması, Avropada ABŞ-ın hegemon mövqelərinin bərqərar edilməsi olub. Nəticədə Avropa İttifaqı ölkələri ucuz rus qazından məhrum olub, baha qiymətə sıxılmış ABŞ qazını almaq məcburiyyətində qalıblar. Azərbaycana gəlincə, SOCAR tərəflər arasındakı münasibətlərdə gərginliyin aradan qaldırılması məqsədilə vasitəçilik təkliflərini verib və onun təşəbbüsü ilə bu il mayın 2-də İstanbulda, avqustun 29-da isə Vyanada tərəflər arasında danışıqlar baş tutub. Lakin tərəflər ortaq məxrəcə gələ bilməyib. Rəsmi Kiyev özü Azərbaycana müraciət edib və Slovakiyaya nəql ediləcək qazın onun ərazisi ilə keçirilməsinə razı olduğunu bildirib. Azərbaycan hazırda Avropanın 8 ölkəsinin qaz təchizatında yer alıb. Slovakiya 9-cu ola bilər. 2023-cu ildə Azərbaycan bu ölkələrə 12 millyard kubmetr, 2024-cu ildə isə artıq 13 milyard kubmetr qaz ixrac edib. Kiyev Azərbaycana öz qazını Rusiya ərazisi ilə Ukrayna sərhədlərinə gətirib, burada terminallara, anbarlara vurmağı təklif edir. Slovakiyaya isə, bu anbarlardan qazı buraxmağı planlaşdırır. Maraqlıdır ki, Azərbaycan qazının tranzitindən qazanacaq tərəf olan Zelenski nə rəsmi Bakı, nə də Bratislavaya məlum qazın nəqli ilə bağlı marşrutların təhlükəsizliyinə təminat vermir. Hər iki tərəfə bu problemi Rusiya ilə razılaşdırmağı təklif edir. Müharibə ilə bağlı maliyyə məsrəfləri həddən ziyadə artan Zelenski Azərbaycan qazının nəqlindən tranzit tərəf olaraq milyonlar qazanmaq, bunun müqabilində isə təhlükəsizlik zəmanətləri vermək istəmir. Burada daha bir məqsəd Rusiyaya qarşı sanksiyalara qoşulmamış məlum dövlətlərin, konkret Azərbaycan və Slovakiyanın Moskva ilə münasibətlərində gərginliyə nail olmaq, onları bir tərəfdən Kremlin hədəfinə gətirmək, digər tərəfdən isə Qərb tərəfindən təzyiqlərə məruz qoymaqdır. Zelenskinin Azərbaycanı rus qazının Avropaya tranziti ilə bağlı məsələlərə görə dolayısı yolla ittiham etməsi də, məhz onun Qərbdəki havadarları tərəfindən ona verilmiş sifarişləri yerinə yetirməsindən başqa bir şey deyil”.
Vidadi ORDAHALLI