"İran Azərbaycan və Ermənistan arasında razılaşmaları təqdir edir" - Rəsmi Tehran
İran Azərbaycan və Ermənistan arasında delimitasiya komissiyasının iclasında əldə olunan razılaşmaları təqdir edir. Trend-in məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani deyib.
Onun sözlərinə görə, iki ölkənin bir-birinin suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı şəkildə hörmətlə yanaşmaq çərçivəsində dinc metodlarla sərhəd məsələlərinin həll olunması üçün səylərin davam etdirilməsi Cənubi Qafqazda davamlı sülh və sabitliyin bərqərar olunması istiqamətində zəruridir.
Xatırladaq ki, aprelin 19-da Azərbaycan və Ermənistan sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib.
Görüşdə razılığa gəlinib ki, delimitasiya prosesinin ilkin mərhələsində tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - Bağanıs Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrımlı (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.