Ukraynaya 60 milyard yardım + Rusiya obyektlərini vurmağa izn verildi...
Yəhya Babanlı: “Ərazisini itirən, əhalisinin 10 milyondan çoxu qaçqına çevrilən Ukrayna gərək oyuna getməsin”
NATO ölkələri Ukraynaya daha çox hava hücumundan müdafiə sistemi vermək barədə razılığa gəlib. Baş katib Yens Stoltenberq bildirib ki, NATO-Ukrayna Şurasının iclasından sonra blok ölkələrinin müdafiə nazirləri Ukraynaya daha çox hava hücumundan müdafiə sistemi ötürmək qərarına gəliblər.
O, həmçinin bəyan edib ki, Ukrayna silahlı qüvvələrinin ölkə ərazisindən kənarda yerləşən hədəflərə zərbə endirmək hüququ var. Stoltenberq bunu Ukraynanın özünümüdafiə hüququ ilə izah edib: “Müttəfiqlər öz fəaliyyətlərini gücləndirməyə və Ukraynaya əlavə hərbi dəstək, o cümlədən hava hücumundan müdafiə sistemi göndərməyə razılaşıblar. Müttəfiqlərin hava hücumundan müdafiə sistemləri, o cümlədən “Patriot” var ki, onları öz təhlükəsizliyinə təhdid yaratmadan Ukraynaya ötürə bilərlər”.
Üstəlik, uzun müddətdir ki, ABŞ Konqresinin Nümayəndələr Palatasında baxışdan keçirilən qanun layihəsi səs çoxluğu (360 lehinə, 58 əleyhinə) ilə təsdiqlənib. Qanuna əsasən, Ukraynaya 61 milyard yardım ayrılacaq. Həmçinin, Ukraynaya yardım çərçivəsində Rusiyanın dondurulmuş 260 milyard dollarlıq aktivləri də bu ölkəyə ötürüləcək.
Görünən odur ki, 5-6 aylıq fasilədən sonra Ukraynaya güclü hərbi yardıma başlanılır. Bütün bunların fonunda Rusiya nə edəcək?
“Sözügedən “yardımlar” münaqişə və müharibənin qızışmasına xidmət etməklə yanaşı, Rusiyanın...”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən tarix elmləri üzrə fəlsəfə doktoru, politoloq Yəhya Babanlı hesab edir ki, vəziyyət daha da dramatikləşəcək: “İlk baxışdan görünən odur ki, ABŞ NATO vasitəsilə Avropada öz dayaqlarını möhkəmləndirir və Şərqi Avropada genişlənmək niyyətini göstərir. Çünki bu addım Rusiyanın şaxələnməsinin qarşısını almaq üçün ən optimal üsuldur. Lakin bu amillər dolayısı ilə Rusiyanın da bugünkü mövqeyinin qorunmasına xidmət edir. Çünki sözügedən “yardımlar” münaqişə və müharibənin qızışmasına xidmət etməklə yanaşı, Rusiyanın təhlükəsizliyi kontekstində işğala və ilhaqa əsas verir. Ukrayna gərək mövcud reallığı, öz potensialını, daxili imkanlarını, eyni zamanda tarixi-etnik və coğrafi məsələləri nəzərdən keçirib müstəqil qərar qəbul etsin. Avropa qitəsi qocalıb, amma müdrikləşməyib. Biz bunu açıq-aydın şəkildə Ermənistan-Azərbaycan münaqişəsində, Qarabağdakı Vətən müharibəmizdə gördük. Ölkələri alət etmək, məqsədləri üçün qurbana çevirmək düzgün hesab olunmamalıdır. Dünyamız məhvə doğru sürüklənir. Ona görə ki, güc balansı pozulub. Böyük beşlikdə olan dövlətlər kənar dövlətləri körpü kimi tapdalayıb hədəflərinə doğru asanlıqla keçir. Bunu BMT-nin subyektləri olan dövlətlər anlamalı, səbatlı liderlər dərk etməlidir. Maddi dəstəyi əlində bayrağa çevirib dövlət bayrağını müstəmləkə bayrağı ilə əvəz etməməlidir. Ərazisini itirən, əhalisinin 10 milyondan çoxu qaçqına çevrilən Ukrayna gərək oyuna getməsin. Öz suveren sərhədləri xüsusunda danışığa can atmalıdır. Nəticəyə nail olmaq üçün beynəlxalq hüquq və diplomatiyadan maksimum istifadə etməlidir”.
Vidadi ORDAHALLI