Azərbaycana narkotik vasitələr daha çox İrandan gətirilir - DİN nümayəndəsi açıqladı...
“Ölkəmizə narkotik vasitələr daha çox qaçaqmalçılıq yolu ilə cənub sərhədlərindən, əsasən İran İslam Respublikasından keçirilir. Narkotik vasitələr gömrük və sərhəd nəzarətindən yayınaraq və müəyyən coğrafi relyeflərdən istifadə edilməklə ölkəmizə gətirilir”.
Bunu Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat qrupunun rəisi, polis kapitanı Nəcəf Aydınoğlu KİV-ə müsahibəsində deyib.
Baş idarənin nümayəndəsi ötən il baş verən bir hadisəni bölüşüb: “Polis orqanlarına Xəzər dənizi vasitəsilə ölkəmizə külli miqdarda narkotik vasitənin gətirilməsi ilə bağlı məlumat daxil olmuşdu. Üç aydan çox davam edən xüsusi əməliyyat tədbirləri nəticəsində İrandan qaçaq yolla katerlərdə görüşərək narkotik vasitələri Xəzər sahillərinə gətirən şəxslər müəyyənləşdirildi. Aparılan əməliyyat tədbirləri nəticəsində Sumqayıtda “Yaşma bağları” adlanan ərazisində onları yaxaladıq. İndiyədək Daxili İşlər Nazirliyi əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı ən yüksək çəkidə - 187 kiloqram narkotik vasitə aşkarlanaraq dövriyyədən çıxarıldı”.
N.Aydınoğlu dövriyyədən çıxarılan narkotik vasitələrin əldə edilmə yollarının hüquq-mühafizə orqanları tərəfindən araşdırıldığını deyib: “Məsələn, Azərbaycan vətəndaşlarının mobil telefonlarında İran vətəndaşları ilə danışıqlar apardıqları aşkarlandığı halda həmin mobil operator nömrələri polis əməkdaşları tərəfindən müəyyən olunur. Qonşu ölkədə narkotacirliklə məşğul olanların şəxsiyyətinin müəyyənləşdirilməsi və onların cinayət məsuliyyətinə cəlb edilməsi sahəsində beynəlxalq əməkdaşlıq çərçivəsində mühüm işlər aparılır. Qonşu ölkədə narkotiklərin qanunsuz dövriyyəsi ilk növbədə maddi maraqla bağlıdır. Narkotik vasitələrin ölkəmizə göndərilməsinin səbəbi Azərbaycan vasitəsilə özləri üçün potensial narkokuryer bazası formalaşdırmaqdır. Həm də məqsəd ölkəmizdən tranzit zona kimi istifadə edərək Avropa dövlətlərinə narkotik vasitələr çatdırılmasıdır”.
ZÜMRÜD