Rusiya XİN Qərbi azərbaycanlıların Ermənistana qayıdışına prinsipial dəstək verdi...
Turab Rzayev: “Rusiya hər zaman Paşinyan hakimiyyətinə təzyiq etmək üçün əlavə, fərqli detallar tapa bilər”
Ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərin əvvəllərində Ermənistanı tərk etmiş azərbaycanlıların geri qayıtması üçün böyük həcmdə işlər görülməlidir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
O, Azərbaycanın Qarabağ regionunun erməni sakinlərinin reinteqrasiyası planını dəstəklədiklərini vurğulayıb.
Rusiyanın bu mövqeyini Azərbaycanın tələblərinə uyğun saymaq olarmı? Çünki Azərbaycan da hər zaman deyir ki, erməniləri Qarabağa qaytarmaq istəyənlər azərbaycanlıların da Qərbi Azərbaycana qayıdışını təmin etməlidir.
Siyasi şərhçi Turab Rzayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, burada iki fərqli məsələyə diqqət etmək lazımdır: “Bir tərəfdən Rusiyanın belə bir çıxış etməsi bizim maraqlarımıza uyğundur. Çünki Rusiya ermənilərin Qarabağa qayıtması məsələsində də şərtlərini qoyur və hətta şərtlərini çətinləşdirir. Daha əvvəllər Qarabağa ermənilərin qayıtmasını dəfələrlə şərh edən, onların qayıtmasının məcburi olduğunu bildirən, hətta erməni icmasının açıq şəkildə yenidən Qarabağa qayıtmasını dəstəkləyən Rusiya indi belə bir şərt əvəzinə bu məsələni çətinləşdirməyə çalışır. Biz belə bunu açıq ortaya qoymurduq, dolayı şəkildə bildirirdik ki, azərbaycanlılar da Ermənistana qayıtmalıdır. Bəzi hallarda biz bunu konkret şərt olaraq qoymurduq, daha mülayim şəkildə ifadə edirdik. Rusiya isə açıq şəkildə ifadə edir ki, Ermənistana da azərbaycanlı qayıtmalıdır. Bu bir tərəfdən Azərbaycanın mövqeyini dəstəkləmək cəhətdən müsbət haldır. Digər tərəfdən isə Rusiya ilə Ermənistan arasındakı qopmanın həddini göstərir. Yəni bundan sonra KTMT-də olmalarına da baxmayaraq, Rusiya Ermənistanla nəinki müttəfiq, dost, heç tərəfdaş belə deyil. Rusiya Ermənistanı daha çox cəzalandırmaq istəyir. Bütün üsullardan istifadə edərək Ermənistan hakimiyyətini sıxışdırmağa çalışır. Adi məsələdir ki, Rusiyanın bu şəkildə mövqeyi Azərbaycanın siyasi planlarını dəstəkləmək yox, Paşinyan hakimiyyəti ilə olan problemlərini həll etmək üçündür. Faktiki olaraq, Rusiya göstərir ki, Paşinyan sadəcə Qarabağı Azərbaycan ərazisi kimi tanıyaraq Rusiyadan canını qurtara biləcəyini, sülh müqaviləsi imzalayaraq Qərbə daha tez inteqrasiya edə biləciyini düşünürsə, bu heç də olmayacaq. Rusiya hər zaman Paşinyan hakimiyyətinə təzyiq etmək üçün əlavə, fərqli detallar tapa bilər. Burada Azərbaycan dövləti də öz maraqlarından çıxış etməlidir. Bir tərəfdən bizim Qərbi azərbaycanlıların Ermənistana köçürülmə planlarımız var. Bununla bağlı mərkəzlər, fərqli mərkəzlər formalaşdırılıb. Digər tərəfdən də Azərbaycan dövləti bu icmanın Ermənistana qayıtması, ən azından Qərbi azərbaycanlıların hüquqları ilə bağlı öz siyasətini davam etdirməlidir. Eyni zamanda ehtiyatlı da olmaq lazımdı. Çünki açıq şəkildə Rusiyanın Ermənistana qarşı siyasi hədəflərinin dəstəklənməsi yekunda bəzi Qərb ölkələrinin Azərbaycana qarşı daha sərt münasibətlərinin formalaşması ilə nəticələnə bilər”.
Məhəmmədəli QƏRİBLİ