Zeytunumuzu xaricə 9.5, daxilə 16 manata satırıq - necə olur?...
Kamran Məmmədli: “Azərbaycana idxal olunan zeytun yağı inhisarçıların əlindədir, onların isə tamahı çox böyükdür”
Bu ilin ilk 2 ayı ərzində Azərbaycandan xarici ölkələrə 222,8 ton saflaşdırılmamış, əla növ birinci sıxma zeytun yağı ixrac olunub. İxrac olunan zeytun yağının 1 litrinin orta gömrük dəyəri 5,6 dollar (9,5 manat) olub.
Azərbaycan xaricə satdığı saflaşdırılmamış, əla növ birinci sıxma zeytun yağının əvəzində xaricdən ölkəyə 312,2 ton zeytun yağı idxal edib. İdxal olunan zeytun yağının 1 litrinin orta gömrük dəyəri 3,5 dollar (6 manat) olub.
Məlumat üçün bildirək ki, bu ilin mart ayında Azərbaycanda zeytun yağının pərakəndə satış qiyməti 16,2 manat olub. Açıqlanan məlumatlardan da göründüyü kimi, ölkə daxilində satılan zeytun yağının qiyməti həm ixrac, həm də idxal olunan zeytun yağının qiymətindən yüksəkdir.
“Zeytun yağı istehsalımız daxili tələbatı ödəmək gücündə deyil, çünki zeytunçuluğun inkişafında müəyyən problemlər yaşanır”
Mövzu ilə bağlı fikir bildirən iqtisadçı ekspert Kamran Məmmədli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Azərbaycanda zeytun yağlarına olan tələbat artıb: “Azərbaycana idxal olunan zeytun yağı inhisarçıların əlindədir. Onların isə tamahı çox böyükdür. Yerli istehsala gəlincə, deyim ki, hələlik zeytun yağı istehsalımız daxili tələbatı ödəmək gücündə deyil. Çünki zeytunçuluğun inkişafında müəyyən problemlər yaşanır. Zeytun sahələrinin müəyyən hissəsinin fərqli qurumlara verilməsi, Bakıətrafı kəndlərdə fərqli-fərqli təyinatlarla istifadə olunması istehsalda ciddi azalmaya səbəb olub. Bu problemin həll olunması üçün zeytun bağları genişləndirilməli və məhsul istehsalı, onun emalı üçün ciddi tədbirlər görülməlidir”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, zeytun mülayim iqlim şəraitini xoşlayır. Bu iqlim də, əsasən, Abşeron rayonundadır. Abşeronun zeytunçuluq üçün çox böyük imkanları var: “Dövlətin də vəzifəsi sahibkarları stimullaşdırıb saylarını artırmaqdır. Abşeron rayonunda zeytunçuluğun inkişafı üçün ağacların artırılmasına da xüsusi diqqət ayrılmalıdır”.
Günel CƏLİLOVA