İran-İsrail gərginliyi qəzzalıların başında çatlayacaq – ABŞ İsrailin Rəfaha hücum planını qəbul etdi...
İsrail İranın 13 aprel hücumuna cavab olaraq İran ərazisinə zərbələr endirib. Ancaq İsrailin hücumu gözlənildiyi kimi genişmiqyaslı olmayıb, İrana "məhdud sayda" zərbələr endirilib.
Qeyd edək ki, bundan əvvvəl ABŞ-ın İrana hərtərəfli hücum etməməsi müqabilində İsrailin təxminən 1,5 milyon qaçqın fələstinlinin sığındığı Rəfaha hücum planını qəbul etdiyi iddia edilmişdi.
Bu barədə Qətər mərkəzli “Al-Araby Al-Jadeed” adı açıqlanmayan Misir rəsmisinə istinadən məlumat yayıb. Qeyd edilir ki, Amerika rəhbərliyi İrana qarşı genişmiqyaslı hücum həyata keçirməmək müqabilində, daha əvvəl İsrailin Rəfahda hərbi əməliyyatla bağlı təqdim etdiyi planı qəbul edib.
İsrail Baş Nazirliyinin sözçüsü Raquela Karamson, Netanyahunun Rəfah şəhərinə hücum tarixini müəyyənləşdirdiyini açıqlayıb: "Rəfah haqqında, Netanyahu tarix təyin etdi və biz Rəfaha daxil olacağıq".
Hücum tarixi ilə bağlı məlumat paylaşmayan sözçü Karamson, Qəzzada tam qələbəyə nail olmağın yolunun Rəfaha daxil olmaqdan keçdiyini deyib.
Qeyd edək ki, Rəfaha hücum planını təsdiqlədiyini dəfələrlə dilə gətirən baş naziri Netanyahu aprelin 8-də verdiyi açıqlamada hücumun tarixinin müəyyən edildiyini bildirmişdi. İsrail dövlət televiziyası KAN isə 14 apreldə Rəfaha hücum planının təxirə salındığını iddia etmişdi.
O da iddia edilir ki, İsrail, quru əməliyyatından əvvəl bölgəyə sığınanları çıxarmaq üçün iki həftə ərzində Rəfah yaxınlığında 10 min çadır qurmağı planlaşdırır. 30 min əlavə çadırın satınalma mərhələsində olduğu və onların da daha sonra həmin ərazidə quraşdırılacağı qeyd edilib.
TAHİR