"İtkin düşmüş 102 şəxsin eyniləşdirilməsi aparılıb, onlardan 35-nin qalıqları təhvil verilib" - Cəmilağa Ağayev
Azad edilmiş ərazilərimizdə bu günə qədər 16 kütləvi məzarlıq aşkarlanıb. Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupunun üzvü Cəmilağa Ağayev deyib.
O bildirib ki, ümumilikdə ərazilərdən 500-dən artıq insan qalığı götürülərək, şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün aidiyyatı üzrə təhvil verilib.
“İtkin düşmüş şəxslərin ailə üzvlərindən 2014-cü ildən başlayaraq bionümunələr götürülüb və onların profilləri çıxarılaraq bazaya daxil edilib.
Hazırki vaxtadək 102 şəxsin eyniləşdirilməsi həyata keçirilib. Onlardan 35 şəhidin qalıqları itkin ailələrə təhvil verilib. Hazırda 73 nəfər şəxsin də ailələrə təhvil verilməsi istiqamətində hazırlıq işləri aparılır. Bu barədə ailələrə və ictimaiyyətə məlumat veriləcək”,- deyə o, qeyd edib.
Qeyd edək ki, Xocalıda qalıqları kütləvi məzarlıqdan tapılan ər-arvad bu gün dəfn olunub.
Xocalı soyqırımı zamanı itkin düşmüş Məhərrəmova Bəsirə Vəli qızı və Məhərrəmov Vaqif Cəmil oğlunun qalıqları bu gün Zabrat qəbiristanlığında torpağa tapşırılıb.