Əliyev fransız naziri də, onu dəstəkləyən Blinkeni də "vurdu"...
Arzuman Abdulkərimov: “Fransanın təşəbbüsləri ilə Ermənistanın birmənalı dəstəklənməsinə ABŞ kimi böyük ölkə seyrci qalmamalıdır”
Məlum olduğu kimi, aprelin 3-də ABŞ Dövlət katibi Entoni Blinken Prezident İlham Əliyevə zəng edib. Söhbət əsnasında 5 aprel tarixində Brüsseldə nəzərdə tutulan görüş və Ermənistan ilə Azərbaycan arasında sülh danışıqlarına dair müzakirə aparılıb. Prezident İlham Əliyev xarici işlər nazirlərinin sülh müqaviləsinin mətni üzrə Berlində apardıqları danışıqların prosesin irəlilədilməsi baxımından faydalı olduğunu və danışıqların sürətləndirilməsinə ehtiyac olduğunu deyib.
Həmçinin dövlət başçısı Qərbdə Azərbaycanın Ermənistana hücum etmək niyyətində olduğu barədə səsləndirilən ittihamların tamamilə əsassız olduğunu vurğulayıb.
Prezident İlham Əliyev aprelin 2-də Parisdə Entoni Blinken ilə keçirilmiş mətbuat konfransında Fransa xarici işlər nazirinin yalan danışaraq Azərbaycanı Ermənistanın ərazi bütövlüyünü tanımamaqda və Ermənistana qarşı təhlükə mənbəyi olmaqda ittiham etdiyini bildirib.
Dövlət başçısı Azərbaycanın 2022-ci ildə Praqa görüşü zamanı qəbul edilmiş bəyanata və Alma-Ata bəyanatına sadiq olduğunu vurğulayıb.
Göründüyü kimi, Prezidentin Blinkenlə telefon danışığında dövlət katibinin Fransa naziri ilə görüşdə yalan bəyanatların səsləndirildiyi iradı səslənib. İlham Əliyevin bu detala xüsusi vurğu etməsi necə izah oluna bilər?
“Hilal” Sosial Araşdırmalar İctimai Birliyinin sədri Arzuman Abdulkərimov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki,
bu zəngin olması Prezident İlham Əliyevin nüfuzundan xəbər verir: “Çünki Blinken səviyyədə adamın bizim narazı olduğumuz mövzu ilə bağlı zəng vurub xüsusi izahat verməsi Azərbaycanın gücü və nüfuzunun göstəricisidir. Prezident Əliyevin Fransa XİN rəhbərinin açıq şəkildə danışdığı yalanı ifşa etməsindən həm də Blinkenin özünə pay düşür. Çünki bu yalan onun iştirak etdiyi tədbirdə danışılıb. Blinkenin ona düzəliş etmək imkanı olub.
Xatırladaq ki, aprelin 2-də Fransa XİN rəhbəri Stefan Sejurne ABŞ Dövlət katibi Entoni Blinken ilə keçirdiyi mətbuat konfransında iddia edib ki, guya Azərbaycan Ermənistanın ərazi bütövlüyünü təhdid edir. Təbii ki, Azərbaycanla bağlı səsləndirdiyi iddialar Fransanın ölkəmizə qarşı qərəzliliyini, bütün imkanlardan istifadə edərək Bakını hədəfə gətirmək niyyətini, ümumilikdə, Cənubi Qafqazda kövrək sülhü pozmağı və regionu yeni münaqişə ocağına çevirmək istəyini nümayiş etdirir. Bütün bu proseslər kənar maraqlara xidmət edir ki, bu da regiondakı vəziyyətə dağıdıcı təsir göstərir. Ermənistanın xarici qüvvələr üçün rıçaq kimi çıxış etməsi İrəvana münasibdirsə, bu onun seçimidir. Amma bu seçimdə Ermənistanın vəziyyətdən qalib çıxmayacağı aydındır. Yaxın tarix İrəvan üçün dərs olmalıdır.
Ermənistanı “xüsusi qayğı” ilə əhatələyən Fransa indi Azərbaycanı ittiham edir, ancaq yaxşı olardı ki, Paris Afrika və Yaxın Şərqdə həyata keçirdiyi aqressiv kolonializasiya siyasətinin gətirdiyi fəlakətlərdən nəticə çıxarsın.
2020-ci ilin noyabrından Azərbaycan və Ermənistan arasında qüvvələr nisbəti birdəfəlik dəyişib və bu fərq hər gün artır. Fransa rəhbərliyi bu reallığı nə qədər tez anlasa, bir o qədər həm özü, həm də İrəvan üçün yaxşı olar. Bu baxımdan da, Fransanın təşəbbüsləri ilə Ermənistanın birmənalı dəstəklənməsinə ABŞ kimi böyük ölkə seyrci qalmamalıdır. Hesab edirəm ki, Prezidentin bu iradı şəxsən Blinkenin özünə deməsi yerində səslənən fikirlər olub. Qoy görsünlər ki, yalanla uzağa getmək olmaz”.
Məhəmmədəli QƏRİBLİ