Din xadimləri vahid forma geyinməkdən niyə qaçıb?..
Tural Irfan: “Çoxunun beynində xaricdəki din xadimlərinin geyim forması qalıb”
Müxtəlif dinlərin təmsilçilərinin xüsusi geyim növü mövcuddur. Ölkəmizdə də din xadimləri, məscidlərdə fəaliyyət göstərən, həmçinin, yas məclislərində iştirak edən mollalar üçün xüsusi geyim növü müəyyən edilib. Ancaq bəzi din xadimləri vahid geyim formasına əməl etmir.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Bakıda keçirilən Azərbaycan Din Xadimlərinin Forumunda çıxışı zamanı deyib ki, Azərbaycan din xadimlərinin ruhani zümrə olaraq cəmiyyətdə nüfuzunun artırılmasında vahid geyim formasının tətbiqi xüsusi önəm kəsb edir: “İllər əvvəl Azərbaycanın milli xüsusiyyət və tarixi ənənələri ehtiva edən geyim forması işlənib, hazırlanıb, tətbiq edilib. Vahid ruhani formasının qəbulunda məqsəd hər bir uniforma daşıyan peşə sahibləri kimi din xadimlərinin də cəmiyyət içərisində şəxsi məsuliyyətinin artırılması və ictimai nüfuzunun təmin edilməsidir. Təəssüflər olsun ki, bəzi din xadimlərinin bu qaydaya riayət etməməsi, xarici görünüşlərinə laqeyd yanaşması, vahid geyim formasına əməl etməməsi cəmiyyət tərəfindən birmənalı qarşılanmır".
Maraqlıdır, niyə bəzi din xadimləri vahid geyim forması geyinmir?
“Din xadimlərinin vahid geyim formasında olması məqsədəuyğundur”
Ilahiyyatçı Tural Irfan “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, din xadimlərinin vahid geyim formasında olması məqsədəuyğundur. Cəmiyyətdə din xadiminin tanınmaması, nüfuzu və müsbət mənada fərqlənməsi, eyni zamanda özünə qarşı da bir məsuliyyətin olması üçün bu geyimdən istifadə etmək yaxşıdır: “Ancaq bəzi din xadimləri çox da bu geyimə riayət etmirlər. Bunun səbəbi müxtəlif ola bilər. Əsasən rəsmi tədbirlərdə, toplantılarda müəyyən din xadimi bu libası geyinir, başqa zaman istifadə etmirlər. Hesab edirəm ki, zaman keçdikcə öyrəşəcəklər. Vaxtilə xarici təsirlər nəticəsində çoxunun beyninə xaricdəki din xadimlərinin geyim forması qalıb. Geyim özü də müəyyən qədər təsir vasitəsidir. Kənarda təhsil almış bəzi din adamları həmin ölkənin din xadimlərinin geyim modelini guya əsl dini geyim hesab edirlər. Ona görə də bizim ölkənin din xadimləri üçün nəzərdə tutulan libasını geyinmək istəmirlər. Lakin qeyd edim ki, bu kimi geyimlər iqlim, coğrafiya və milli mənəvi dəyərlər, mədəniyyət baxımından hər ölkənin özünə xas olmalıdır. Həmçinin bizim ölkədə də din xadimlərinin geyimi dini çalarlarla yanaşı ölkəmizin mədəniyyətini özündə ehtiva etməlidir”.
Günel CƏLİLOVA