Ayın 29-dək İvanişvili sarayıma gəlməsə... Prezident hədələdi...
Məhəmməd Əsədullazadə: “Hökumət onun şərtlərini qəbul etməyəcək və yeni seçkilərə getməyəcək”
Gürcüstan Prezidenti Salome Zurabişvili “Gürcü Arzusu” partiyasının fəxri sədri Bidzina İvanişvilini Prezident Sarayına dəvət edib. Bu barədə o, Tbilisinin Rustaveli prospektində keçirilən mitinq zamanı deyib.
Onun sözlərinə görə, İvanişvili ilə birgə oturub yeni seçkilərin necə təyin olunacağını müzakirə etməyə hazırdır. Prezidentin dediyinə görə, yeni seçkilərin tarixi 29 dekabra qədər razılaşdırılmalıdır və o, [Gürcü Arzusundan] cavab gözləyir: “İvanişvili saraya gəlsin, çünki hər şeyi o idarə edir və mən hazıram, oturub müzakirə edək, seçkilərin necə təyin olunacağını fikirləşək. Ancaq seçkilərin təyin olunma tarixi 29-dan əvvəl razılaşdırılmalıdır. 29-na qədər hamımızın bu ölkəni irəli aparmaq, bütün dünyaya demokratiya, barışıq və irəliləyiş nümunəsi göstərmək üçün böyük şansımız var. Cavab gözləyirəm. Hər şeyin aydın olması üçün sabah axşam Prezident Sarayından tam çıxışımı deyəcəm. Çünki burada təkcə səhnə deyil, görünür, səsimi də saxlayıblar. Amma heç nə olmaz. Görüşərik və sizi gözləyirik”.
Maraqlıdır, proseslərin gedişi necə olacaq? İvanişvili prezident sarayına gələcək, ya yox? Dekabrın 29-da nə ola bilər? Ondan sonra Gürcüstanda nə baş verəcək?
“29 dekabrdan sonra Gürcüstanda fövqəladə bir şey baş verməyəcək və proseslər “Gürcü Arzusu”nun nəzarətində gedəcək”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, belə görünür, prezident Zurabişvili sona qədər gedəcək: “O, yeni seçkilərin keçirilməsində israrlıdır. Çünki o da bütün təlimatı Qərbdən alır. O baxımdan hesab edirəm ki, Bidzina İvanişvili ümumiyyətlə prezidentin çağırışına getməyəcək. Yəni prezident sarayına getməyəcək. Çünki onlar hazırkı prezidenti hətta seçkilərdən sonra həbs etməyi də istisna etmirlər. Ona görə ki, onu qanunu pozmaqda təqsirli bilirlər. Dekabrın 29-da yeni prezidentin andiçmə mərasimidir və hazırkı prezidentin səlahiyyət müddəti bitir. Fikrimcə, Gürcüstan hökuməti ancaq onu prezident sarayından çıxarmaq üçün ora gedəcək. Fikrimcə, hökumət onun şərtlərini qəbul etməyəcək və yeni seçkilərə getməyəcək. Çünki artıq Gürcüstanda yeni prezident seçilib. Fikrimcə, 29 dekabrdan sonra Gürcüstanda fövqəladə bir şey baş verməyəcək və proseslər “Gürcü Arzusu”nun nəzarətində gedəcək. Mövcud hakimiyyət Avropa ittifaqı ilə münasibətlərini normallaşdırmağa çalışacaq. Zatən bunun siqnalları verilir. Artıq “Xarici agentlər haqqında” qanunda da dəyişikliklərin ediləcəyi vurğulanır. Göründüyü kimi, Gürcüstan hökuməti Qərbin müəyyən təzyiqləri fonunda öz hakimiyyətlərinin dayanıqlığını qorumaq və sanksiyalardan yayınmaq üçün bir neçə dəyişikliklərə gedəcəyi siqnalını verir. Çox güman ki, Salome Zurabişvili müxalifətə qoşularaq etirazlarda iştirak edəcək. Ancaq bütün bu etirazlar heç də hökumətin devrilməsinə gətirib çıxarmayacaq”.
Vidadi ORDAHALLI