Apteklər də İcbari Tibbi Sığorta sisteminə salındı - kasıb təbəqəyə nə fayda?..
Rasif Bağırov: “Dərmanların pulsuz şəkildə insanlara verilməsi olduqca yaxşı haldır”
Aptek təşkilatları İcbari Tibbi Sığortada iştirak etmək hüququna malik olacaqlar. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Tibbi sığorta haqqında” Qanuna edilən dəyişiklikdə əksini tapıb. Qanuna əsasən, İcbari Tibbi Sığortada iştirak etmək niyyətini bildirən aptek təşkilatları ilə qanuna uyğun olaraq müqavilə bağlanılacaq.
Sığortaolunanlara aptek təşkilatları tərəfindən ambulator şəraitdə istifadə olunan dərman vasitələrinin buraxılmasına yalnız İcbari Tibbi Sığorta üzrə məlumat bazasına (elektron informasiya ehtiyatına) ötürülmüş resept əsasında yol veriləcək.
İcbari Tibbi Sığorta üzrə sığortaolunanların hüquqları sırasına isə aptek təşkilatını seçmək və pozitiv siyahıya daxil olan dərman vasitələri ilə təmin olunmalarını tələb etmək, buraxılan dərman vasitələrinin qiyməti, şərti kompensasiya məbləği və “Dərman vasitələri haqqında” qanununa uyğun olaraq digər məlumatları aptek təşkilatından tələb etmək, o cümlədən aptek təşkilatının təqsiri üzündən dəymiş zərərin əvəzinin ödənilməsini aptek təşkilatından tələb etmək daxil edilir. Maraqlıdır, bu dəyişikliyin nə kimi təsiri olacaq?
“Apteklər tibbi sığortanın verdiyi sənədlər əsasında dərmanların pulsuz şəkildə buraxılışını təmin edərsə, bu, insanlar üçün əlverişli olacaq”
Tibbi ekspert Rasif Bağırov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, aptek təşkilatları ilə tibbi müqavilənin olması yaxşı haldır: “Apteklər tibbi sığortanın verdiyi sənədlər əsasında dərmanların pulsuz şəkildə buraxılışını təmin edərsə, bu, insanlar üçün əlverişli olacaq. Burda bəzi məsələlər nəzərə alınmalıdır. Belə ki, hansı dərmanın tibbi sığorta daxil edilməsi maraqlıdır. Məlumdur ki, Azərbaycanda elə dərmanlar var, çox baha qiymətə satılır. Bahalı dərmanların sığortaya salınacağı real görünmür. Ehtimal edilir ki, orta qiymətə olan dərmanlar tibbi sığorta ilə veriləcək. İstənilən halda dərmanların tibbi sığortaya aid edilməsi insanların sosial vəziyyətinə müsbət təsir edəcək”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, bu gün insanların əksəriyyəti dövlət xəstəxanalarında deyil, özəl klinikalarda müalicə almağa üstünlük verir: “Bu da poliklinika vasitəsilə yazılan dərmanların nə qədər uyğun olub-olmadığı sualını yaradacaq . Hər bir halda dərmanların pulsuz şəkildə insanlara verilməsi olduqca yaxşı haldır”.
Günel CƏLİLOVA