Güclü lider, böyük inkişaf, TARİXİ QƏLƏBƏ!
Cənab İlham Əliyevin 21 illik Prezidentlik fəaliyyəti Azərbaycan tarixinə qızıl hərflərlə yazılan inkişaf və qələbələr səlnaməsidir. Dövlət başçımızın Prezidentlik fəaliyyətinin ilk günlərindən başlayaraq, öz xalqı qarşısında verdiyi bütün vədləri uğurla yerinə yetirməsi, Onun hər bir azərbaycanlıya və ölkəmizin problemlərinə böyük həssaslıqla yanaşması cənab Prezident İlham Əliyevin "Mən hər bir azərbaycanlının Prezidenti olacağam" vədinin mütləq surətdə reallaşdığını bir daha təsdiq etdi.
Prezident İlham Əliyev düşünülmüş islahatları və müdrik qərarları ilə həyatımıza yeni nəfəs gətirib, Azərbaycanı dünyanın inkişaf edən ölkələri sırasına çıxarıb. Onun siyasətinin mərkəzində insan amili dayanır, amalı qurub-yaratmaq, xalqını daha xoş günə, daha firavan həyata qovuşdurmaqdır. Xalqa xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq onun həyat fəlsəfəsidir. Bu gün ölkəmiz yalnız regionun deyil, eləcə də dünyanın ən güclü dövlətlərindən biridir. İstər iqtisadi, istər siyasi, istərsə də uğurlu idarəçilik modelinin tətbiqində Azərbaycan fenomeni dünyada öz sözünü deməkdədir.
Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdaraq ölkənin parçalanmasının qarşısını alması, baş verən siyasi hərc-mərcliyə son qoyması ilə ölkəmiz inkişaf yoluna qədəm qoydu. Məhz 1993-cü ildə Ümummilli Liderin əsasını qoyduğu müstəqil Azərbaycanın uğurlu inkişafı özü ilə gətirəcəyi xoş günlərin anonsunu verdi. Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət Azərbaycanı bugünkü qüdrətinə çatdırdı.
İyirmi bir il bundan əvvəl Ulu Öndər xalqımıza səslənərək qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, onun siyasi varisi, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırdı. Ulu Öndər Heydər Əliyev İlham Əliyevin siyasi konturlarını müəyyən edərək, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyət olduğunu qeyd etdi. Müraciətində həm də Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görüləcəyini bildirdi. “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”, - deyə Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqına tarixi müraciətində bildirmişdi.
Tarix Ulu Öndərin bu sözlərində nə qədər müdrik və uzaqgörən olduğunu bir daha təsdiq etdi. Məhz Prezident İlham Əliyev xalqın sevgisini və dəstəyini qazanaraq, Azərbaycanı dünyanın ən güclü dövlətlərindən birinə çevirdi. Uzun illər həllini tapmamış münaqişəni 44 gün kimi qısa müddət ərzində həll etdi və Azərbaycanın əzəli torpaqları 30 illik işğaldan sonra erməni faşistlərindən azad olundu. Müzəffər Ali Baş Komandan bizi rəhbərlik etdiyi rəşadətli Azərbaycan ordusu ilə bərabər qələbədən-qələbəyə daşıdı. Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış bu Zəfər həm də xalqımızın qəhrəmanlıq salnaməsinə çevrildi. Dövlətimizin başçısının “Dəmir yumruğ”u hesabına tarixi torpaqlarımız düşmən işğalından azad edildi. Beynəlxalq siyasətin mahir bilicisi olan Prezident İlham Əliyev Qarabağdakı münaqişənin sülh yolu ilə həll edilməsi məqsədilə ATƏT-dən mandat almış vasitəçilərin münaqişənin həllindən yayınmasını müəyyənləşdi. Tərəfləri sülhə dəvət edən vasitəçilərdən konkret nəticəyönümlü addımların atılmasını tələb edərək, münaqişənin həllinin qeyri-müəyyən tarixə təxirə salınmasının qarşısını aldı.
44 günlük savaş Azərbaycan xalqının tarixi yaddaşına qızıl hərflərlə yazıldı. Savaşın hər gününü, hər anını xalqımız yüksək əhvalla yaşadı. Cəbhədən alınan qələbə xəbərləri ruhumuzu yerindən oynatdı: şəhadətin göz yaşları qələbə sevinci ilə əvəz olundu. Bir xalq və millət olaraq son əsrlərdə qələbə üzünə həsrət qalmış Azərbaycan etnosu düşmən üzərində zəfər çalmaqla millətin tarixi kimlik ləyaqətini bütün dünyaya sübut etdi.
Azərbaycan yumruq kimi birləşdi: lider və xalqın mənəvi-ruh birliyi bu xalqın xeyirxahlarına da, bədxahlarına da Azərbaycan xalqının kim olduğunu göstərdi. Dünya bu qələbənin nümunəsində Oğuz-Türk kimliyinin yenidən necə doğulduğunu, Oğuz kağanın övladlarının öz şanlı hərb tarixini unutmadıqlarını, torpağa "ana" deyən igidlərin öz canlarını ana torpaq uğrunda necə böyük bir sevinclə verdiklərinə şahidlik etdi.
Azərbaycanın erməni işğalçılarının nümunəsində bütün düşmənlərinin üzərində qələbəsi xalqın yalnız öz bütövlüyünü ortaya qoyması ilə mümkün oldu. Düşmənlərin bir neçə əsr boyunca apardıqları Azərbaycan xalqının milli kimliyini dağıtmaq, məhv etmək siyasəti 44 günlük Vətən müharibəsində iflasa uğradı: xalqımız "dəmir yumruq" kimi birləşə bildi. Bu tarixi vəhdətə istisnasız olaraq lider və xalqın birliyi sayəsində nail olundu. Prezident, Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqının minilliklərin dərinliklərindən gələn, Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və praktikasında müasir milli-siyasi birlik formuluna çevrilən Mill Vəhdət modelini bütün dünyanı heyrətdə qoyacaq səviyyədə uğurla həyata keçirərək, Azərbaycan etnosunu qələbəyə qovuşdurdu.
Ötən ay Bakıda COP29 kimi mühüm beynəlxalq tədbirə ev sahibliyi etməklə dünya birliyində etimad və hörmət sahibi olduğunu göstərən Azərbaycan Prezidenti, dünyanın iqlim təhlükəsizliyi ilə bağlı mühüm müzakirələrdə olduqca fəal iştirak etdi. Dünyanın 80-ə qədər dövlət və hökümət başçısının, on minlərlə iqlim könüllüsünün qatıldığı bu mühüm beynəlxalq tədbir bütün dünya ictimaiyyətinin diqqət mərkəzində idi. Bakı həmişəki kimi dünyanı birləşdirən etimad körpüsü oldu. Bütün bunlar Azərbaycanın qüdrətli lider, İlham Əliyevin isə xarizmatik və nüfuzlu lider keyfiyyətlərinin göstərəcisidir. Nüfuz və etimadın harmoniyası!
Mətləb