Ərzaq idxalına 2 milyard dollara yaxın pulumuz gedir - artım 10 faizi keçir...
Əli Əlirzayev: “İdxal edilən ərzaq məhsullarının qiyməti ölkə daxilində istehsal edilən məhsullardan ucuz başa gəlir”
Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, Azərbaycanda ərzaq idxalı xərcləri 2024-cü ilin 10 ayında keçən ilin eyni dövrü ilə müqayisədə 10.2 faiz artaraq 1.97 milyard ABŞ dollarına çatıb. Hesabat dövründə qida məhsullarının ümumi ölkə idxalında çəkisi 11.84 faiz təşkil edib. Ərzaq idxalının son beş ildə 46.8 faiz, son 10 ildə isə iki dəfədən çox artdığı bildirilir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 11 milyard 407.1 milyon manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 faiz çoxdur. Ümumilikdə, ölkənin aqrar sahəsinə müəyyən vəsaitlər xərclənir, amma nəticələr o qədər də ürəkaçan görünmür.
Maraqlıdır, ərzaq idxalının bu dərəcədə kəskin artmasının səbəbi nədir?
“Yanacağın və sürtkü məhsullarının qiymətinin artması aqrar məhsulların maya dəyərinin artmasına gətirib çıxardı”
Sözügedən məsələyə aydınlıq gətirən iqtisadçı alim Əli Əlirzayev “Bakı-Xəbər”ə açıqlamasında ərzaq idxalının artmasını bir sıra amillərlə əlaqələndirdi: “Məsələnin kökü ondadır ki, Azərbaycana idxal edilən ərzaq məhsullarının qiyməti, ölkə daxilində istehsal edilən məhsullardan ucuz başa gəlir. Baxmayaraq ki, xərclər çoxdur, müəyyən çətinliklər var, amma yenə də idxal istehsaldan sərfəlidir. İdxal məhsulları qiymət və dəyər baxımından yerli məhsulları sıxışdırır. Hətta idxal olunan ərzaqların qiyməti, yerli məhsulun qiyməti səviyyəsində olanda da onlar çox qazanırlar. Azərbaycanda yanacağın və sürtük məhsulların qiymətinin artması kənd təsərrüfatı məhsullarının maya dəyərinin artmasına gətirib çıxardı. Ona görə də birinci növbədə istehsalı genişləndirmək və stimullaşdırmaq lazımdır. Ölkədə normal rəqabət mühiti yaratmaq lazımdır. Ən başlıcası isə kənd təsərrüfatında istehsal edilən məhsulların maya dəyərini azaltmaq üçün sistemli tədbirlər görülməlidir. İstehsalçılara məhsulun həcminə görə subsidiya vermək lazımdır. Ölkə daxilində keyfiyyətli mineral gübrə istehsalına keçmək lazımdır. Sahibkarların marağını artırmaq lazımdır ki, onlar aqrar məhsul istehsalında maraqlı olsunlar. Elə olmalıdır ki, sahibkar çəkdiyi xərci çıxara bilsin. Subsidiyaların verilmə mexanizmi təkmilləşdirilməlidir. O baxımdan ki, subsidiyalar təyinatı üzrə xərclənsin. Həmçinin regionlarda emal müəssisələrinin sayı artırılmalıdır. Kiçik emal müəssisələri istehsal sahələrinə yaxın olmalıdır. Saxlama məntəqələrinin sayı artırılmalıdır ki, kənd təsərrüfatı məhsulları xarab olmasın. Həm də orada elə qiymətlər olmalıdır ki, sahibkar saxlama kameralarında məhsul saxlamaqda maraqlı olsun. Bir sözlə, sadaladığım tədbirlər kompleks şəkildə görülərsə, o zaman xaricdən ərzaq idxalı azalacaq”.
Vidadi ORDAHALLI