Putin-Tramp görüşünə hazırlıq başladı – “Bir neçə ölkədən təkliflər var”...
Kreml Vladimir Putin və Donald Tramp arasında mümkün görüş üçün müxtəlif ölkələrdən təkliflər aldıqlarını açıqlayıb.
Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bəyan edib ki, bu istiqamətdə bir neçə ölkədən Kremlə təkliflər göndərilib, lakin o, bu ölkələrin adlarını açıqlamaqdan imtina edib.
Uşakov bildirib ki, bu cür təkliflər əvvəllər də olub və hələ də gündəmdədir.
Qeyd edək ki, Putin dekabrın 19-da keçirdiyi mətbuat konfransında Trampla görüşə hər zaman hazır olduğunu bildirib. Putin belə bir görüşün baş tutacağı təqdirdə danışılası çoxlu mövzuların olduğunu vurğulayıb.
Kremlin sözçüsü Peskov isə dekabrın 23-də verdiyi açıqlamada hazırda belə bir görüş üçün konkret ilkin şərtlərin olmadığını bildirib.
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Arizonada keçirilən “Turning Point USA” konfransında Ukraynadakı münaqişənin həlli üçün Rusiya prezidenti Putinlə görüşü səbirsizliklə gözlədiyini bildirib. "Prezident Putin mənimlə tez bir zamanda görüşmək istədiyini söylədi. Biz bunu gözləyəcəyik, bu müharibəni bitirməliyik", - Tramp bildirib.
TAHİR