PKK-çılar Almaniyada Türkiyə baş konsulluğuna hücum etdi - alman səfir Türkiyə XİN-ə çağırıldı...
Türkiyənin Almaniyada yerləşən baş konsulluğu PKK tərəfdarlarının hücumuna məruz qalıb. Türkiyə Xarici İşlər Nazirliyi bununla bağlı bəyanat yayıb. Bəyanatda deyilir ki, martın 26-sı gecə saatlarında Türkiyənin Hannoverdəki baş konsulluğunun giriş qapısına PKK təşkilatının tərəfdarları tərəfindən hücum edilib. Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb.
Hücumdan sonra Almaniya rəsmiləri ilə əlaqə saxlanılaraq, alman hakimiyyətinin Türkiyə vətəndaşlarının və diplomatik nümayəndəliklərinin təhlükəsizliyinə cavabdeh olduğu xatırladılıb. “Küncə sıxışdırılmış PKK terror təşkilatının Avropadakı türk icmasını narahat etməyə yönəlmiş hərəkətlərinin artdığı görünür. Vətəndaşlarımızın sağlam düşüncəsi sayəsində bu təxribatlar daha böyük hadisələrə çevrilməyib. Aidiyyəti ölkələrdən gözləntimiz terror təşkilatı tərəfdarlarının fəaliyyətinə icazə verilməməsi və hücum edənlərin tez bir zamanda məsuliyyətə cəlb olunmasıdır”, - deyə bəyanatda qeyd edilib.
Daha sonra isə Almaniyanın Türkiyədəki səfiri Yurgen Şults Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb. Türkiyə tərəfinin kəskin mənfi mövqeyi həm Almaniyanın rəsmi strukturlarının, həm də bu ölkənin Türkiyədəki diplomatik missiyasının rəhbərinin diqqətinə çatdırılıb.
Türkiyə tərəfi təxribatda iştirak edənlərin hamısının məsuliyyətə cəlb olunmasını tələb edib.
Bənzər təxribat Belçikada da baş verib. PKK tərəfdarları olan bir qrup Türkiyə vətəndaşına hücum ediblər.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hücum zamanı başından yaralanan vətəndaş Efe Tapmaza şəxsən zəng edib.
TAHİR