Erməni terrorçu Kəlbəcərdə öldürdüyü azərbaycanlıların dəfn yerlərini də göstərdi
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan Babayan Madat Arakeli qətlə yetirdikləri insanların basdırıldığı kütləvi məzarlığın yerini etiraf edib.
İfadənin yerində yoxlanılması istintaq hərəkəti həyata keçirilərkən, Madat Babayan mülki əhaliyə qarşı cinayət əməllərinin törədildiyi yerləri əyani şəkildə göstərərək bu barədə ətraflı məlumat təqdim edib.
Bundan əlavə Madat Babayan, əsir götürülmüş və qanunsuz olaraq Qozlukörpü kənd məktəbində saxlanılmış, amansız rəftar və işgəncələr nəticəsində ölmüş azərbaycanlıların meyitlərini Qozlukörpü kəndində şəxsən dəfn etdiyi yerləri də göstərib. Hazırda qeyd olunan və digər əlaqəli cinayətlərlə bağlı kompleks araşdırmalar aparılır.
Qeyd edək ki, bu ilin sentyabr ayında keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində qanunsuz silahlı birləşmələrə daxil olmaqla “AKM” avtomatı ilə silahlanıb, mütəşəkkil dəstə halında milli ədavət və düşmənçilik niyyəti ilə terrorçuluq əməlləri törətməkdə şübhəli bilinən Babayan Madat Arakeli Kəlbəcər rayonunun Qozlukörpü kəndi ərazisində tərk-silah edilərək saxlanılıb.