Azad rayonlarımızda Novruz tonqallarının sayı ilə tarix yazılır...
Azər Həsrət: “Qarabağda bayram tonqalının qalanması ilə Ermənistan və onun havadarlarına da sərt mesaj verilir”
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad edib və dörd ildir ki, Novruz bayramı Qarabağda da təntənə ilə qeyd edilir.
Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində də bu məsələyə toxunub: “Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağ torpağında qalayıram. 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, keçən il Talış kəndində, bu dəfə isə Xankəndi şəhərində bayram tonqalı qalanır. Bu böyük xoşbəxtlikdir”.
Bayram tonqalının azad edilmiş ərazilərdə 4-cu dəfə yandırılması Ermənistana və dostlarına nə kimi mesajlar verir?
“İlham Əliyevin Novruz tonqallarını azad edilən torpaqlarda alışdırması təsadüfi deyil, biz bununla dünyaya göstəririk ki...”
Siyasi şərhçi Azər Həsrət “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, bayram tonqalının işğaldan azad edilən ərazilərdə yandırılması Azərbaycan xalqı üçün böyük xoşbəxtlikdir. Eyni zamanda, Qarabağda bayram tonqalının qalanması ilə Ermənistan və onun havadarlarına da sərt mesaj verilir: “Azərbaycan xalqı hər zaman öz torpaqlarına sahib çıxır. İşğaldan azad edilən torpaqlarda yenidənqurma işləri görür və bununla bütün dünyaya göstəririk ki, o torpaqların əsl sahibi kimdi. Prezident İlham Əliyevin Novruz tonqallarını azad edilən torpaqlarda alışdırması təsadüfi deyil. Biz bununla dünyaya göstəririk ki, bu torpaqlarda yenidən doğuluruq, ərazilər dirçəlir və sahiblənirik. Torpaqlar bizim olduğu üçün oraları güllük-gülüstanlığa çeviririk. Hesab edirəm ki, Ermənistan və onların havadarların bundan nəticə çıxarmalıdır”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, Azərbaycan xalqı bayram tonqalının bir gün Qarabağda alışdırılacağına əmin idi. Çünki dövlət başçısı hər zaman Qarabağ məsələsinin həll olunacağını bildirirdi.
Günel CƏLİLOVA