Avtomobil sığortasına görə ən çox narazılıq yaradan şirkətlərin siyahısı yeniləndi...
Niyazi Əliyev: “Şikayətlər, əsasən, avto-nəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası üzrə zərərlə bağlı olur”
Ölkəmizdə xeyli sayda sığorta şirkəti fəaliyyət göstərir, onlar vətəndaşlara məxsus evləri, avtomobilləri, daşınmaz əmlakı və sairi sığortalamaqla məşğul olur. Bir sıra hallarda vətəndaşlar sığorta şirkətlərindən razı qalmır. Mərkəzi Bank son bir ildə Azərbaycanda avtomobillərin icbari sığortası üzrə ən çox şikayət edilən şirkətlərin siyahısını açıqlayıb.
Belə ki, ən çox şikayət edilən şirkət “Xalq Sığorta” (4,44 indeksi ilə) olub. “Bakı Sığorta” 2,36 indeksi ilə ikinci, “Atəşgah Sığorta” isə 1,80 indeksi ilə siyahıda üçüncü olub.
Maraqlıdır, reytinqi aşağı olan sığorta şirkətlərinin taleyi necə olacaq?
“Ən çox şikayət olunan şirkətlərin bağlanma ehtimalı hazırda real görünmür, çünki ölkəmizdə reytinqi aşağı, müştəri narazılığı olan bir çox sığorta şirkətləri var”
Sığorta eksperti Niyazi Əliyev “Bakı-Xəbər”ə şərhində bildirdi ki, şikayətlər, əsasən, avto-nəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası üzrə zərərlə bağlı olur: “Sürücülər bəzi sığorta şirkətlərinin qəza zamanı onların sığortalarının vaxtında ödənməməsi və digər bu kimi problemləri daha çox dilə gətirirlər. Bildirirlər ki, onlar şirkətlər tərəfindən get-gələ salınırlar. Ümumiyyətlə, sürücülərə, vətəndaşlara qarşı belə haqsız davranan sığorta şirkətlərinin lisenziyası dövlət tərəfindən geri alınmalıdır.
Ən çox şikayət olunan şirkətlərin bağlanma ehtimalı hazırda real görünmür. Çünki ölkəmizdə reytinqi aşağı, müştəri narazılığı olan bir çox sığorta şirkətləri var”.
Həmsöhbətimiz onu da bildirdi ki, son zamanlar bu sahəyə nəzarət artırılıb. Nəzarət güclü olanda sığorta şirkətləri məsələlərin həllinə daha ciddi yanaşırlar: “Onu da deyim ki, bu gün iri sığorta şirkətləri vətəndaşları yanlış istiqamətə yönləndirir. Şirkət vətəndaşa özlərinin müəyyən etdiyi ekspert siyahısı təqdim edir. Beləcə, vətəndaşı onlardan birini seçməyə məcbur edirlər. İnzibati Xətalar Məcəlləsində isə göstərilir ki, əgər mövcud vəziyyət vətəndaşa düzgün izah olunmursa, şirkət rəhbəri cəzalandırılmalıdır. Həmin şəxslər də yaranmış vəziyyətdən öz mənfəətləri üçün istifadə etməyə və öz fikirlərini vətəndaşlara diqtə etməyə çalışırlar”.
Günel CƏLİLOVA