Vətənə qaytarılan XVII əsrin əvvəlinə aid Qarabağın “Xətai” xalçasının təqdimatı olub - FOTO
Noyabrın 14-də Azərbaycan Milli Xalça Muzeyində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə xaricdəki şəxsi kolleksiyadan alınaraq vətənə qaytarılan XVII əsrin əvvəlinə aid Qarabağın “Xətai” xalçasının təqdimatı olub. Bu barədə baki-xeber.com-a muzeydən məlumat verilib.
Tədbir Azərbaycanın ənənəvi xalçaçılıq sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına salınması, həmçinin Xalça Muzeyinin yaradılmasının təşəbbüskarı, görkəmli alim, xalçaçı-rəssam Lətif Kərimovun anadan olması münasibətilə Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə keçirilib.
Səfəvilər dövrünün saray xalçalarının təsiri duyulan yeni eksponatın kompozisiyasında Qarabağ xalçalarına xas stilizə olunmuş nəbati və zoomorf ornamentlər əks olunub. Zəngin naxış tərtibatına malik xalça üzərində çarpazlaşan “xətai qolları” arasında türk xalqlarının bir çox sənət abidələrini bəzəyən əjdaha təsvirləri yer alıb. Azərbaycan xalçaçılığında geniş istifadə edilən əjdaha təsvirləri “Xətai” kompozisiyası kimi tanınıb. Bu ad azərbaycanlıların soykökündə duran qəbilələrdən biri olan Xəta/Xətai qəbiləsinin adından götürülüb.
XVII əsrə aid “Xətai” xalçaları vaxtilə Qarabağda toxunaraq xarici ölkələrə daşınıb və hazırda onlar dünyanın aparıcı muzey və şəxsi kolleksiyalarının inciləri sırasındadır.
Qeyd edək ki, təqdimatda yeni eksponatın muzeyin Ənənəvi texnologiya şöbəsində görmə qabiliyyəti məhdud insanlar üçün toxunan kiçik ölçülü taktil fraqmenti də nümayiş olunub.
Azərbaycan Milli Xalça Muzeyi tərəfindən son illər milli irs nümunələrinin qorunub saxlanılması və təbliği ilə yanaşı, kolleksiyalarının zənginləşdirilməsi işində də böyük uğurlara imza atıb. Qarabağın “Xətai” kompozisiyalı xalçalarının vətənə qaytarılması isə nəinki muzey, eyni zamanda ölkə səviyyəsində mühüm tarixi, mədəni əhəmiyyətə malik hadisələrdir.
İradə SARIYEVA