Azərbaycan öz prinsiplərini nəhayət qəbul etdirdi - yeni dövrə belə gedirik...
Bəhruz Quliyev: “Biz milli maraqların diqtə etdiyi siyasət aparırıq”
“Bugünə qədər heç kimdən heç nə xahiş etməmişəm”. Bunu Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki çıxışında deyib.
Ölkə başçısı bunu belə əsaslandırıb: “Biz heç kimdən heç nə xahiş etmirik. Mən 20 ildən çoxdur ki, prezidentəm, bu günə qədər heç kimdən heç nə xahiş etməmişəm, çünki buna ehtiyac da olmayıb. Biz özümüzü tam təmin edən ölkəyik. Biz ikitərəfli formatda əməkdaşlığın tərəfdarıyıq və xarici siyasətimiz də buna hesablanıb - bərabərhüquqlu münasibətlər, bir-birinə hörmət, bir-birinə, necə deyərlər, xoş münasibət, bir-birinin işinə qarışmamaq. Bu, bizim prinsiplərimizdir və bu prinsipləri biz diqtə etmişik, bunları qəbul etdirə bilmişik”.
“Prinsip odur ki, Azərbaycan Ermənistan və bir sıra digər dövlətlər kimi kiminsə vassalına çevrilməsin”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən “SƏS” Media Qrupunun rəhbəri, politoloq Bəhruz Quliyevin fikrincə, Prezident İlham Əliyevin andiçmə mərasimində olan çıxışındakı fikirlərinin arxasında bir sıra məqamlar dayanır: “Birincisi odur ki, Azərbaycan heç vaxt asılı, forpost və kiminsə əlaltı ölkəsi olmayıb. Bunu cənab Prezident də Milli Məclisdəki nitqində “Biz ikitərəfli formatda əməkdaşlığın tərəfdarıyıq və xarici siyasətimiz də buna hesablanıb - bərabərhüquqlu münasibətlər, bir-birinə hörmət, bir-birinə, necə deyərlər, xoş münasibət, bir-birinin işinə qarışmamaq” deməklə bir daha bildirib. Bu o deməkdir ki, heç kim heç kimin işinə qarışmamalı, təzyiq etməməlidir. Prinsip odur ki, Azərbaycan Ermənistan və bir sıra digər dövlətlər kimi kiminsə vassalına çevrilməsin. Adətən super dövlətlər kiçik dövlətləri vassala çevirir, özünün əyaləti kimi davranır və hətta bəzi ölkələrdə prezidentləri də onlar təyin edir. Adət budur. Bunlar super dövlətlərin təzyiqi nəticəsində baş tutur. Cənab Prezident isə çıxışında göstərdi ki, Azərbaycan bütün dövrlərdə, yəni həm Ulu Öndərin, həm də cənab Prezidentin dövründə bu prinsipləri qoruyub. Bu da bir Prezidentin cəsarət, prinsipiallıq və nüfuzundan irəli gəlir. Müharibə dövründə belə bizə nə qədər beynəlxalq təzyiqlər oldu. Hətta bizi sanksiyalarla qorxutdular. Ancaq Prezitentimiz öz yolundan dönmədi və sonacan getdi. Torpaqlarımız müharibə və danışıqlar fazasında azad edildi. Bunun üçün bir prezidentin şəxsi xarizması və liderlik keyfiyyəti olmalıdır. Ermənistan isə bütün dövrlərdə vassal və forpost olub. Hamı Ermənistana göstəriş verərək onu idarə edib. Elə bu gün də Fransa Ermənistanı idarə edir. Biri də var ki, əməkdaşlıqda bərabərhüquqluluq. Biz milli maraqların diqtə etdiyi siyasət aparırıq. Bunu İlham Əliyev öz çıxışında vurğuladı. Onun fikirlərində böyük bir hikmət var. Burada Prezidentimizin öz şəxsi keyfiyyətləri, prinsipiallığı və xalqın inamı, birliyi var. Xalq liderinə, lider də öz xalqına inanır. Yəni hər hansı Qərb ölkələrindən biri hiss etsə ki, Azərbaycanda "Narıncı inqilab" edə bilər, o zaman liderin özü də istər-istəməz tabe olmalı idi. Amma Azərbaycana heç bir kənar müdaxilə edə bilmədiklərinə görə, təzyiq dili ilə danışa bilmirlər və lider fəaliyyəti və əməlləri nəticəsində xalqın etimadını doğruldub, xalq da ona inanır. Ona görə də xarici siyasətdə atılan addımlar və əməkdaşlıqlar bərabərhüquqlu, milli maraqlara söykənir”.
Vidadi ORDAHALLI