AŞPA-nın anti-Azərbaycan qərarına qurumun öz içindən etirazlar - dostlarımızın səsi gəlmir...
Amid Əliyev: “Serbiya tərəfindən bu addımın atılması o deməkdir ki, artıq digər dövlətlərin nümayəndələri arasında da bu barədə kuluarlarda söhbət gedib”
Serbiyanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti AŞPA-nın Azərbaycan nümayəndə heyəti ilə bağlı qəbul etdiyi qətnaməyə görə Assambleyanın sədri Teodoros Rousopoulosa etiraz müraciəti ünvanlayıb.
Serbiya nümayəndə heyəti AŞPA-nın bütün üzvləri ilə səmimi dialoqun və əməkdaşlığın davam etdirilməsinin son dərəcə vacibliyini bir daha vurğulayaraq, qətiyyətli davranmağınız və Azərbaycan Respublikası nümayəndə heyətinin etimadnaməsinin ratifikasiya edilməməsi ilə bağlı qətnamənin ləğv olunması xahişi ilə sizə müraciət edir.
Əslində bu nümunəvi addımı biz başqa yaxın dost olan ölkələrdən gözləyirdik. Serbiyanın bu addımı digərləri üçün nümunə sayıla bilərmi?
Politoloq Amid Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, AŞPA tərəfindən Azərbaycana qarşı sərgilənən mövqenin əvvəldən düzgün olmaması və heç bir demokratik prinsiplərə uyğun olmadığı nümayəndə heyəti tərəfindən bildirilib: “Bu qərarı dəstəkləyən dövlətlər isə situativ olaraq səsvermədə Azərbaycanın əleyhinə çıxıb, indi isə tərəzinin gözündə Azərbaycan, daha doğrusu Azərbaycanın enerji ehtiyatlarını görüb, bu fikirlərini üzrxahlıqla kompensasiya etməyə çalışırlar.
Serbiya tərəfindən bu addımın atılması o deməkdir ki, artıq digər dövlətlərin nümayəndələri arasında da bu barədə kuluarlarda söhbət gedib. Serbiya bu məsələdə birinci addım atmaqla digər dövlətləri də bu kampaniyaya qoşulmağa sövq edəcək. Çünki Avropa dövlətləri, xüsusilə də NATO, AŞ və Aİ-yə üzv olan dövlətlər gözəl anlayırlar ki, Qafqazda sabit siyasi kursun davam etdirilməsi yalnız Azərbaycanla əməkdaşlığa əsaslana bilər. Digər tərəfdən isə davam edən enerji təminatını əldə etmək üçün Azərbaycanla əməkdaşlıq vacibdir. Məhz bu baxımdan hesab etmək olar ki, AŞPA-dakı nümayəndə heyətləri ardıcıl olaraq Azərbaycana dəstək ifadə edəcəklər. Xüsusilə İtaliya, Birləşmiş Krallıq və Moldovadan bu addımlar gözləniləndir”.
Avropa Şurası Parlament Assambleyasında Azərbaycan əleyhinə səs verən deputatlar içərisində bizə dost və tərəfdaş olan dövlətlərin – Moldova, İtaliya və Serbiyanın təmsilçiləri də olub.
Qeyd edilən dövlətlərin nümayəndələri qazımıza və neftimizə ehtiyac olanda Azərbaycanı etibarlı tərəfdaş və dost adlandırırlar, səsverməyə gələndə bizə arxa çevirirlər. Yəqin ki, bir-bir səhvlərini anlamağa başlayıblar. Bilirlər ki, Azərbaycan onlara daha çox lazımdır, nəinki onlar bizə.
Məhəmmədəli QƏRİBLİ