Laçından 3 kəndə ictimai nəqliyyat açıldı - daha bir strateji hədəf vurulur...
Kamran Məmmədli: “Marşrut xətləri vasitəsilə qeyd edilən ərazilərin sakinləri rahat şəkildə istədikləri ünvana gedib-gələ biləcəklər”
Yaxın vaxtlarda Laçın şəhərindən rayonun Zabux, Zerti və Qarıkaha kəndləri istiqamətində marşrut xətləri fəaliyyətə başlayacaq. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.
Artıq həmin üç istiqamət müsabiqəyə çıxarılıb və ictimai nəqliyyatla sərnişindaşıma xidmətlərinin təşkil edilməsi istiqamətində işlər görülür.
Məlumat üçün bildirək ki, indiyə qədər tələbata və hazır olan yol infrastrukturuna uyğun olaraq, Bakı-Şuşa, Bakı-Ağdam, Bərdə-Ağdam, Əhmədbəyli (Füzuli)-Şuşa, Tərtər şəhəri-Talış kəndi, Horadiz (Füzuli)-Ağalı (Zəngilan) istiqamətlərdə avtobus marşrutları təşkil edilib.
“İşğaldan azad olunan ərazilərə daşıyıcıların hərəkət etməsi o deməkdir ki, bu yerlər bizimdir və öz torpağımıza sahib çıxırıq”
Laçın şəhərindən rayonun Zabux, Zerti və Qarıkaha kəndləri istiqamətində marşrut xətlərinin fəaliyyətə başlamasının əhəmiyyəti haqqında danışan iqtisadçı ekspert Kamran Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycan hakimiyyəti işğaldan azad olunmuş ərazilərin bərpası istiqamətində qısa zaman kəsiyində mümkünsüz görünənləri reallaşdıra bilib: “İşğaldan azad olunmuş torpaqların bərpası ölkə başçısı tərəfindən elə ilk gündən prioritet olaraq müəyyən olundu. Bundan dərhal sonra həmin ərazilərdə intensivlik baxımından bugünə kimi misli görülməyən yenidənqurma işlərinə start verildi. Burada vacib məqam nəqliyyat-kommunikasiya infrastrukturunun bərpası idi. Yeni yolların salınması, mövcud olanların bərpası, hava limanlarının tikintisi istiqamətində genişmiqyaslı işlər görüldü və bu gün də görülməkdədir. Laçın şəhərindən rayonun 3 kəndinə marşrut hərəkət edəcək. Marşrut xətləri vasitəsilə qeyd edilən ərazilərin sakinləri rahat şəkildə istədikləri ünvana gedib-gələ biləcəklər. Gələcəkdə bu tipli işlərin sayı artacaq. İşğaldan azad olunan ərazilərə daşıyıcıların hərəkət etməsi o deməkdir ki, bu yerlər bizimdir və öz torpağımıza sahib çıxırıq”.
Günel CƏLİLOVA