Ermənistan "Arazı qurutmaq" istəyir - dəhşətli cinayət planı...
Ənvər Əliyev: “Ermənistan Qafqaz ölkələri arasında su ilə bağlı beynəlxalq qanunların heç birinə imza atmayıb”
Ermənistan hər il 5 ay ərzində Araz çayından su götürəcək. Ermənistan hökuməti fevralın 1-də keçirilən iclasda Axuryan hövzəsində qrunt sularının səviyyəsinin azalmasının nəticələrini yumşaltmaq barədə qərar qəbul edib. Bunun üçün Araz çayından Metsamor çayı hövzəsinə suyun vurulması təklif edilir.
Qərarın əsaslandırmasında qeyd olunur ki, suyun səviyyəsinin aşağı olması və iqlim dəyişikliyinin yeraltı su ehtiyatlarına təsiri nəticəsində su ehtiyatının balanslaşdırılmış ekoloji vəziyyəti pozulur. Nəticədə mövcud artezian horizontlarının və Metsamor çayının suyu azalır ki, bu da səviyyənin aşağı düşməsinə, regionda su ehtiyatlarının tükənməsinə səbəb ola bilər. Noyabrın 1-dən gələn il martın 31-dək hər il Araz çayından suyun götürülməsi təklif olunur.
Maraqlıdır, Ermənistanın Arazın suyundan Azərbaycandan, İrandan xəbərsiz istifadə eləmək hüququ varmı?
“Ermənistanın məlum addımı qanunsuzdur, gələcəkdə su ilə bağlı problemlərin yaşanmaması üçün Azərbaycan və İran Ermənistana dərhal xəbərdarlıq etməlidir”
AMEA-nın Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistan tərəfi beynəlxalq qanunvericiliyə əməl etmir: “Ermənistan həm İran, həm də Azərbaycandan bununla bağlı icazə almalı idi. Məlumat üçün deyim ki, Ermənistan Qafqaz ölkələri arasında su ilə bağlı beynəlxalq qanunların heç birinə imza atmayıb. Bu səbəbdən də Ermənistanın məlum addımı qanunsuzdur. Gələcəkdə su ilə bağlı problemlərin yaşanmaması üçün Azərbaycan və İran Ermənistana dərhal xəbərdarlıq etməlidir”.
Həmsöhbətimizin sözlərinə görə, qış aylarında Araz çayında suyun səviyyəsi azalır. Ermənistan çayın suyundan istifadə edərsə çayda suyun səviyyəsi daha da azalar. Bu hal çayda olan biokütlənin, balıqların, onların yem ehtiyatının azalmasına ciddi şəkildə təsir edəcək. Ümumiyyətlə, sudan bu şəkildə istifadə çoxsaylı su problemləri yaradacaq.
Günel CƏLİLOVA