İran yüksək rütbəli SEPAH zabitlərini Suriyadan geri çəkir...
İran İnqilab Keşikçiləri Korpusu İsrailin hücumlarına qarşı yeni tədbirlər görür. Britaniyanın “Reuters” xəbər agentliyi İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) İsrailin Suriyada artan hücumlarına görə, yüksək rütbəli zabitlərini Suriyadan çıxardığını açıqlayıb.
“Reuters”in İran mənbələrinə istinadən verdiyi məlumata görə, İsrailin son aylarda Suriyada İran qüvvələrinə və yüksək rütbəli hərbçilərə qarşı artan hücumlarından sonra SEPAH-ın yüksək rütbəli zabitləri Suriyadan çıxarılıb.
Xəbərdə İranın Suriyadan tamamilə çəkilməyəcəyi, lakin yüksək rütbəli hərbçilərin mərkəzə çəkildiyi bildirilib. Agentlik İranın İsrailin artan hücumlarına görə, Suriyaya hərbi qüvvələrini azaltdığını, Tehran rəhbərliyinin Suriyadakı mövqeyini qorumaq üçün ölkədə özünə yaxın müqavimət güclərindən istifadə edəcəyini bildirir.
Bu addımın Vaşinqtonun ABŞ-ın İordaniyanın şimal-şərqindəki bazasına pilotsuz uçuş aparatlarının hücumu, eləcədə bölgədəki digər ABŞ bazalarını hədəf alan raket hücumlarına cavab olaraq İraq və Suriyadakı hədəflərə zərbələr endiriləcəyi bəyanatı ilə eyni vaxtda atılması diqqət çəkir.
Tahir TAĞIYEV