Ermənistan ordusunda intihar və özünəxəsarət halları artır...
Ramil Məmmədli: “Bunun başlıca səbəbi 44 günlük müharibədə ermənilərin məğlub olması ilə bağlıdır”
Son dörd ilin statistikası göstərir ki, Ermənistan Silahlı Qüvvələrində qeyri-döyüş şəraitində ölüm halları artıb. Bunu bu ölkənin Ombudsman Aparatının hərbi qulluqçuların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi üzrə ixtisaslaşmış bölməsinin rəhbəri Andranik Yeqoyan deyib.
Onun sözlərinə görə, 2018-ci ildə Ermənistan hərbi qulluqçularının qeyri-döyüş şəraitində 63, 2019-cu ildə 49, 2020-ci ildə 54, 2021-ci ildə 58, 2022-ci ildə 64 ölüm faktı qeydə alınıb. Eyni neqativ tendensiya Ermənistan ordusunun sıralarında özünə zərərvermə ilə bağlı da müşahidə olunur. 2020-ci ildə 65, 2021-ci ildə 77, 2022-ci ildə 108 belə hal baş verib. Yerli ictimai təşkilatların məlumatına görə, 2023-cü ildə Ermənistan Silahlı Qüvvələrində döyüş zonalarından kənarda itkilərin sayı 83 nəfər təşkil edib.
“Ötən 3 il ərzində əsgərlər arasında mənəvi-psixoloji böhranın dərinləşməsi qeyri-döyüş itkilərinə təkan verir”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən hərbi ekspert Ramil Məmmədli Ermənistan ordusunda intihar, bir sözlə, qeyri-döyüş itkilərinin artmasını bir sıra amillərlə əlaqələndirdi: “Bunun başlıca səbəbi 2020-ci ilin payızında 44 günlük müharibədə ermənilərin məğlub olması ilə bağlıdır. Həmin məğlubiyyət erməni ordusunda böyük ruh düşkünlüyü, psixoloji böhran yaradıb. Son üç il ərzində ölkənin Silahlı Qüvvələri komandanlığı və sıravi heyətinin uyğunlaşmaqda çətinlik çəkdiyi yeni reallıqllar mövcuddur. Bunu erməni hərbi ekspertlər özləri də etiraf edirlər. Əslində Ermənistan ordusunda əvvəllər də qeyri-döyüş itkiləri, özünə qəsd, əsgərlərin “dedovşina”ya məruz qalması və digər bu kimi mənfi hallar var idi. Xüsusən də Qarabağ işğal altında olan dövrdə orada “xidmət edən” Ermənistan əsgərləri belə hallarla tez-tez üzləşirdilər. Ancaq məsələ ondadır ki, o vaxt Qarabağ boz zona olduğu üçün bu məlumatların çoxu gizlədilirdi. Ermənistan açıq deyə bilmirdi ki, Qarabağda əsgərləri var. Bunu desəydilər ərazilərimizi işğal etdiklərini rəsmən etiraf etmiş olardılar. Üstəlik, nəzərə almaq lazımdır ki, Qarabağ separatçılarından ibarət klan 20 il Ermənistanda hakimiyyətdə olub. Məhz bu səbəbdən qeyri-döyüş itkiləri ört-basdır edilirdi, belə halların dəqiq uçotu ictimaiyyətdən gizlədilirdi. Paşinyan hakimiyyətə gələndən sonra isə vəziyyət dəyişdi və qeyri-döyüş itkilərini əvvəlki kimi gizlədə bilmədilər. Sonra elə oldu ki, Paşinyan baş nazir olandan 2 il sonra müharibə başladı. Ermənistan ordusunun acınacaqlı məğlubiyyəti və ötən 3 il ərzində əsgərlər arasında mənəvi-psixoloji böhranın dərinləşməsi qeyri-döyüş itkilərinə təkan verir. Məhz bütün bunların nəticəsidir ki, orduda qeyri-döyüş itkiləri azalmır, əksinə artır”.
Vidadi ORDAHALLI