Kənd təsərrüfatı heyvanlarının sığortalanması üzrə tariflər azaldıldı
Aqrar Sığorta Fondunun İdarə Heyəti kənd təsərrüfatı heyvanlarının sığortalanması üzrə tariflərin azaldılması ilə bağlı qərar qəbul edib. Fondun açıqlamasında deyilir ki, heyvanların baza təminatlı və geniş təminatlı sığorta zərfi üzrə 1 illik sığorta tarifləri müvafiq olaraq 5,17 % və 8,19 % müəyyən edilib. Xatırladaq ki, indiyə qədər bu tariflər müvafiq olaraq 6,1 % və 9,5 % olub.
Tariflərin aşağı salınması fermer və təsərrüfatlara heyvanları daha sərfəli şərtlərlə sığortalamağa imkan verəcək. Belə ki, indiyə qədər qiyməti 1000 manat olan mal-qaranın baza zərfi və geniş təminat üzrə 1 illik sığortası 30,5-47,5 manata başa gəlirdi. Dəyişiklikdən sonra həmin şərtlərlə sığorta fermerlərə 26-41 manata başa gələcək. Qiyməti 300 manat olan xırdabuynuzlu heyvanların (məsələn, qoyun və ya keçinin) baza zərfi və geniş təminat üzrə 1 illik sığorta haqqı indiyə qədər 9-14 manat idisə, dəyişiklikdən sonra bu rəqəmlər daha da azalaraq 7,8-12,3 manata düşüb.
Mətləb Salahov