Azərbaycan və Ermənistan Rusiyanı delimitasiya danışıqlarına cəlb etmir? - Lavrov cavab axtarır...
Tural İsmayılov: “Üçüncü tərəf olmadan delimitasiya ilə bağlı təmasların keçirilməsi daha uyğun formatdır”
Rusiya xarici işlər naziri Sergey Lavrov 2023-cü ildə Rusiya diplomatiyasının yekunlarına həsr olunmuş mətbuat konfransında deyib ki, İrəvan və Bakı bizi delimitasiya prosesinə cəlb etmir:
“Razılaşmaya baxmayaraq, Moskva Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası üzrə komissiyaların işinə dəvət edilmir. Biz öz xidmətlərimizi təklif etdik. Üstəlik, tərəflər Rusiyanın məsləhətçi qismində iştirak edəcəyi delimitasiya komissiyasının yaradılması ilə bağlı müqavilə imzaladılar. Bizi ora dəvət etmirlər”. O, Avropa Şurasının rəhbəri Şarl Mişelin Avropa İttifaqının (Aİ) delimitasiya ilə məşğul olacağını bəyan etməsinə də diqqət çəkib. Nazir xatırladıb ki, nə Ermənistan, nə də Azərbaycan Aİ-nin heç vaxt üzvü olmayıb. Ona görə də Avropa İttifaqının əlində heç bir xəritə ola bilməz.
Lavrovun Azərbaycanı da delimitasiya məsələsində günahkar çıxarması nə dərəcədə doğrudur?
Sözügedən məsələni baki-xeber.com-a şərh edən politoloq Tural İsmayılovun fikrincə, Lavrovun yanaşması obyektiv reallığı özündə ifadə etmir: “Düzdür, Lavrovun media mənsublarının suallarını cavablandırarkən Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsindən yayınması ilə bağlı söylədiyi fikirlər həqiqətdir. Ancaq delimitasiya məsələsində Azərbaycanı da günahlandırmasının heç bir əhəmiyyəti yoxdur. Faktiki olaraq bu gün Azərbaycan və Ermənistan üçün üçüncü tərəf olmadan birbaşa təmasların artırılması daha məqbul variantdır. Yəni, üçüncü tərəf olmadan delimitasiya ilə bağlı təmasların keçirilməsi daha uyğun formatdır. Bu isə Rusiya və Qərbi müəyyən formada narahat edir. Əslində Lavrovun sonuncu açıqlamasında da Rusiyanın üçüncü tərəfsiz, birbaşa görüşlərdən o qədər də razı olmadığı mesajı səsləndi. Lavrovun Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi ilə bağlı fikirləri, Qərbin təhriki ilə rəsmi İrəvanın regiona ancaq problem gətirməsi fikirləri doğrudur. Ancaq digər tərəfdən Rusiyanın özünün forpostu olan Ermənistanın bölgədə yaratdığı destruktiv fəaliyyəti də qeyd etməli idi. Çünki faktiki olaraq regionda bu günə qədər işğalçılığın, aqressiyanın və həmçinin Cənub Qafqazda regional qeyri-sabitliyin ən böyük günahkarı Ermənistandır. Ermənistanın bütün bu məsələlərdə tutduğu dağıdıcı mövqe təkcə onun Qərbdəki havadarlarının əli ilə baş verməyib. Faktiki olaraq Ermənistanın arxasında dayanan ən ciddi güclərdən biri Rusiyadır. Günü bu gün də Ermənistanda nə qədər sorosçular hakimiyyətdə olsa da, iki ölkə münasibətlərində çatlar dərinləşsə də faktiki olaraq bu ölkə Moskvanın forpostudur. Ermənistanda Rusiyanın hərbi bazası var, bu ölkənin sərhədlərini ruslar qoruyur”.
Vidadi ORDAHALLI