Ucqar kəndlərin bankomat problemi nə qədər sürəcək...
Əkrəm Həsənov: “Tələb çox, bankomat azdırsa, bu o deməkdir ki, bank öz xidmətlərinin əlçatanlığını təmin etmir”
Müasir dövrün gündəlik həyatımıza daxil etdiyi bir çox yeniliklər var. Xidmət sahələrinin elektronlaşdırılması nəticəsində heç bir yerə getmədən, sadəcə mobil telefon vasitəsilə xeyli sayda əməliyyatı gerçəkləşdirmək mümkündür.
Vətəndaşlar üçün zəruri olan sahələrdən biri də bankçılıqdır. Hazırda ölkəmizdə fəaliyyət göstərən bankların, demək olar ki, hər birinin rəqəmsal platforma üzərindən istifadə edilməsi üçün mobil proqramları var və həmin tətbiqlər əhalinin geniş istifadəsindədir. Lakin bütün yeniliklərə baxmayaraq, bank sistemində həllini gözləyən bəzi problemlər vətəndaşları hələ də narahat etməkdədir. Pul vəsaitini nağdlaşdırmaq funksiyasını yerinə yetirən aparatların - bankomatların azlığı da həmin problemlər sırasındadır. Nağdlaşdırma aparatlarının az olması ilə bağlı narazılıqlar bu gün də aktualdır.
Belə ki, ölkənin əksər kəndlərində bankomatlar yoxdur. Rayon mərkəzinə yaxın kəndlərdə yaşayan insanların bank xidmətlərinə əlçatanlığı olsa da, ucqarlarda adicə bankomatdan pul çəkmək üçün insanlar çətinliklərlə üzləşir. Əlverişsiz hava şəraitində, xüsusən avtobus, maşın tapıb mərkəzə getmək müşkülə çevrilir.
“Banklara ucqar ərazilərdə filial və ya bankomat saxlamaq sərf etmir, kənd ərazilərində olan bankomatlara pul daşımaq banklar üçün əlavə xərc sayılır”
Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu problem maliyyə xidmətlərinə əlçatanlığı çətinləşdirir: “Məlumdur ki, bankomatları yalnız bank yerləşdirir. Təəssüf ki, bankların sayı get-gedə azalır. Bankların ucqar ərazilərdə, kəndlərdə filialı yoxdur. Banklara ucqar ərazilərdə filial və ya bankomat saxlamaq sərf etmir. Kənd ərazilərində olan bankomatlara pul daşımaq banklar üçün əlavə xərc sayılır. Banklar özəl kommersiya qurumudur, bu səbəbdən də onlar üçün əsas mənfəətdir. Hansısa kənd və ya rayonda mənfəət yoxdursa onlar fəaliyyət göstərməyəcək. Ümumiyyətlə, tələb çox, bankomat azdırsa, bu o deməkdir ki, bank öz xidmətlərinin əlçatanlığını təmin etmir”.
Ekspert hesab edir ki, bu məsələ “Azərpoçt” vasitəsilə həll olunmalıdır: “Məlumdur ki, “Azərpoçt”un hər kənddə, qəsəbədə şöbəsi var və bu gün də maliyyə xidməti göstərir. “Azərpoçt”un səlahiyyətləri genişləndirilməlidir ki, bu problem öz həllini tapa bilsin. Ümumiyyətlə, məlum problemin həll olunmasında aidiyyəti qurumlar da maraqlı olmalıdır. Əhalinin vəziyyəti nəzərə alınmalıdır. Yaşlı şəxs pensiyasını çıxarmaq üçün başqa bir əraziyə gedir, bu isə sərfəli deyil”.
Günel CƏLİLOVA