Türk lirəsinin dəyər itkisi kəskinləşdi - Azərbaycana da dəxli var…
Kamran Məmmədli: “Lirənin dəyər itirməsi Azərbaycana Türkiyədən idxal olunan məhsulların ucuzlaşması deməkdir”
Türk lirəsi dollar qarşısında dəyər itirməkdə davam edir. Son məlumata görə, dollar lirə qarşısında 0.18% bahalaşaraq rekord səviyyəyə - 30 lirəyə çatıb. Avro isə lirə qarşısında 0.13% dəyər qazanaraq 32,95 lirə olub.
Türkiyə Azərbaycanın strateji tərəfdaşı və ən böyük ticarət partnyorlarından biri olduğu üçün qardaş ölkə iqtisadiyyatındakı problemlər Azərbaycan cəmiyyətini də narahat edir. Bu problemlərin həll imkanları, gözləntilər müzakirə olunur. Türkiyənin milli valyutasının ABŞ dolları qarşısında bu qədər dəyər itirməsi Azərbaycan iqtisadiyyatına necə təsir göstərəcək?
“Türk lirəsinin ucuzlaşması qardaş ölkədən sifariş edilən məhsulların qiymətində ucuzlaşma yarada bilər”
Iqtisadçı ekspert Kamran Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, son illər iki dövlətin ticarət dövriyyəsi sürətlə genişlənib: “Yerli şirkətlərimiz asbektindən həm yerli bazar, həm də Türkiyə bazarına ixrac baxımından əlverişli olmayan bir mühit formalaşır. Lirəylə müqayisədə manatın möhkəmlənməsi manatla istehsal olunan malların maya dəyərinin artmasına gətirib çıxarır. Bu o deməkdir ki, daxili bazarda ucuz təklif olunan Türkiyə məhsulları ilə rəqabət aparmaq imkanları çətinləşir. Bundan əlavə Türkiyə bazarında üzən məzənnə rejiminin və manatın məzənnəsinin tl-ilə tarazlığının olmaması səbəbilə həmin bazarda bizim istehsalçı şirkətlər üçün rəqabət mühiti çətinləşir”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, türk lirəsinin ucuzlaşması qardaş ölkədən sifariş edilən məhsulların qiymətində ucuzlaşma yarada bilər: “Bu, müəyyən dərəcədə "Trendyol"dan sifariş edilən məhsulların qiymətində də hiss edilə bilər”.
Ekspert hesab edir ki, türk lirəsinin dollar qarşısında dəyər itirməsi Azərbaycan iqtisadiyyatına ciddi təsir göstərməyəcək: “Lirənin dəyər itirməsi Azərbaycana Türkiyədən idxal olunan məhsulların ucuzlaşması deməkdir. Belə hallarda insanlar alış-veriş etməyə daha çox maraq göstərirlər. Çünki manat dollara fiksiya edilmiş bir rejimdədir və lirənin ucuzlaşması manatın bahalaşması deməkdir".
Günel CƏLİLOVA