"Milli informasiya resurslarımızın potensialının gücləndirilməsi başlıca vəzifələrdən biridir" - Əhməd İsmayılov
Seçkilərin işıqlandırılmasında medianın rolundan danışarkən qeyd etməliyik ki, kommunikasiya vasitələrinin transformasiya mərhələsini yaşadığı, rəqəmsal platformaların və sosial media alətlərinin öz əhatə dairəsini genişləndirdiyi hazırkı dövrdə milli informasiya resurslarımızın potensialının və qlobal informasiya şəbəkəsində mövqeyinin gücləndirilməsi başlıca vəzifələrdən biridir.
Trend xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin Azərbaycan Respublikası Prezidenti seçkilərində fəaliyyətinin əsaslarına həsr olunan müşavirədə çıxışı zamanı deyib.
“Son illər həyata keçirilmiş islahatlar media fəaliyyətinin qanunvericilik bazasının təkmilləşdirilməsi, iqtisadi əsaslarının möhkəmləndirilməsi, jurnalistlərin sosial təminatının yaxşılaşdırılması, dövlətin kommunikasiya siyasətinin müasir dövrün tələblərinə uyğun həyata keçirilməsi, jurnalistika sahəsində çevikliyin, peşəkarlığın yüksəldilməsi, medianın beynəlxalq əlaqələrinin genişləndirilməsi və dost ölkələrlə birgə platformaların yaradılması məqsədi daşımış, bu sahədə nəzərəçarpacaq irəliləyiş əldə edilib.
12 yanvar 2021-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin imzaladığı “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərman ilə Medianın İnkişafı Agentliyi yaradılıb. Agentliyin yaradılmasında məqsəd Azərbaycan Respublikasında medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılmasıdır.
Azərbaycan mediası üçün mühüm əhəmiyyət kəsb edən amillərdən biri də 2022-ci ilin fevralın 8-də qüvvəyə minmiş “Media haqqında” Azərbaycan Respublikasının Qanunudur. Azərbaycanda media sahəsində həyata keçirilən islahatlar mahiyyət etibarilə özündə bu sahədə fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarının, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı, yayımı və s. kimi məsələlərin daha təkmil formada nizamlanmasına yönəlmiş tədbirləri ehtiva edir”, - deyə Ə.İsmayılov bildirib.