AYNA-nın bu təlimlərindən bir vaxtlar BNA da keçirdi - fərq olacaqmı...
Aslan Əsədov: “Təlimlər mütəmadi hal almalıdır ki, bu sahədə yaşanan problemlərin sayı azalsın”
Məlumdur ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Təlim-Tədris Mərkəzində taksi fəaliyyətinin tənzimlənməsinə dair ötən il oktyabrın 1-də qüvvəyə minən qanunvericiliyin tələblərinin yerinə yetirilməsi məqsədilə təlimlər başlayıb.
İmtahandan müvəffəqiyyətlə keçən sürücülərə şəhadətnamələr təqdim olunur.
77 manat ödəniş müqabilində baş tutan təlimlər taksi sürücülərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi, xidmət səviyyəsinin yüksəldilməsi ilə vətəndaş məmnunluğunun artırılması məqsədi daşıyır. İştirakçılara əsasən sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlar, taksi minik avtomobilləri ilə sərnişindaşıma qaydaları, sürücü və sərnişinlərin hüquq və vəzifələri, nəqliyyat vasitələri, sürücülərə dair tələblər, eləcə də etik davranış qaydaları aşılanır.
Xatırladaq ki, bu tip təlimlər bir zamanlar Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən də keçirilirdi. Təəssüf ki, həmin təlimlərin heç bir müsbət nəticəsi olmadı. Görəsən, hazırda keçirilən təlimlərin qeyd edilən problemlər üzrə hər hansı təsiri olacaqmı? Ümumiyyətlə, bu təlimlər taksi sürücülərinin daha sivil davranışına, sərnişinlərlə daha mədəni, etik şəkildə rəfatr etməsinə nə dərəcədə təsir göstərəcək?
“AYNA tərəfindən taksi fəaliyyəti ilə məşğul olan sürücülər üçün keçirilən təlimlər öz müsbət nəticəsini verəcək”
Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Bakı Nəqliyyat Agentliyinin taksi sürücüləri ilə bağlı keçirdiyi təlimlər olduqca az olub. BNA daha çox avtobus sürücüləri üçün təlim keçirib: “İstənilən halda, təlimin keçirilməsi, onun prosedur qaydası həmin sahəyə uğur gətirir. Təlimlər mütəmadi hal almalıdır ki, bu sahədə yaşanan problemlərin sayı azalsın”.
Ekspert hesab edir ki, AYNA tərəfindən taksi fəaliyyəti ilə məşğul olan sürücülər üçün keçirilən təlimlər öz müsbət nəticəsini verəcək: “Taksi sürücülərinin etik davranış mövzusu gündəmdədir. Bununla bağlı işlər görülür, təlimlər keçirilir”.
Günel CƏLİLOVA