BMT-dən İsraillə gərginliyi artıracaq daha bir açıqlama - Qəzza əhalisinə qarşı hərbi cinayət...
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı İsraili Qəzza zolağının əhalisinə qarşı hərbi cinayətlər törətməkdə ittiham edib. Trend xəbər verir ki, bu barədə Ali Komissarlığın mətbuat katibi Ravina Şamdasani Cenevrədə brifinqdə deyib.
"Qəzza əhalisinin əsas məhsullar, elektrik enerjisi və sudan məhrum etməklə kollektiv cəzalandırılması, eləcə də, sıx məskunlaşmış bölgələrin bombalanması beynəlxalq humanitar hüquqa əsasən hərbi cinayətlərdir", - deyən mətbuat katibi təşkilatın narahatlığını bildirib.
Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.
İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.
Bundan başqa, İsrail hökuməti ərazinin blokadaya alındığını elan edərək su təchizatı, məhsul, yanacaq, dərman vasitələri və elektrik enerjisi tədarükünün qarşısını alıb. Qəzza zolağında yeganə fəaliyyət göstərən nəzarət-buraxılış məntəqəsi Misirlə sərhəddə yerləşən "Rafah" nəzarət-buraxılış məntəqəsidir. "Rafah" nəzarət-buraxılış məntəqəsi məhdud rejimdə fəaliyyət göstərir. Son məlumatlara görə, münaqişə kəskinləşdikdən sonra 7 mindən çox fələstinli həlak olub, 18 min 500 nəfər yaralanıb. Bir çox rayonlarda yaşayış evləri dağıdılıb.