Ağdaşda narkokuryer külli miqdarda narkotik və “Kalaşnikov”la yaxalandı
Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı xarici ölkə vətəndaşı tərəfindən pul müqabilində narkokuryerliyə cəlb olunan və onun qaçaqmalçılıq yolu ilə ölkəyə göndərdiyi narkotik vasitələri, eləcə də odlu silah-sursatı respublikanın müxtəlif bölgələrinə çatdırılmasını təmin edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir nəticəsində Goranboy rayon sakini Sabir Alıyev şübhəli şəxs qismində saxlanılıb. Onun üzərində daşıdığı çantaya baxış keçirilərkən 6 kiloqram 315 qram marixuana, 200 qrama yaxın heroin, “Kalaşnikov” markalı avtomat, həmin silaha məxsus sandıqça və 23 ədəd patron aşkar edilərək götürülüb. Araşdırma zamanı saxlanılan şəxsin həmin narkotik vasitə və silah-sursatı paytaxtda ona deyilən əraziyə çatdırmaq üçün sosial şəbəkədə tanış olduğu İran vətəndaşı ilə 2000 manat qarşılığında razılaşdığı məlum olub.
Şöbə əməkdaşları tərəfindən keçirilən digər əməliyyat-axtarış tədbiri nəticəsində isə oğurluq edən Abid Məmmədov saxlanılaraq məsuliyyətə cəlb edilib. Araşdırma zamanı onun rayonun Qaradeyin kəndində bir neçə kənd sakininə məxsus tövlədən xırdabuynuzlu heyvanları oğurlayaraq satdığı məlum olub.
Faktlarla bağlı Ağdaş Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.