Müəllimlər şagirdlərə məcburi kitab aldırır - "təzə bəla"...
Nadir İsrafilov: “Bu kimi hallardan sui-istifadə yolu ilə yararlanmaq nə məktəbə, nə də müəllimə başucalığı gətirər”
“Tədris üçün faydalı olan əlavə vəsaitlərin məcburi şəkildə aldırılması müsbət qarşılanmır”. Bunu elm və təhsil nazirinin müavini Həsən Həsənli jurnalistlərə açıqlamasında deyib.
Qeyd edək ki, son zamanlar ali və orta məktəblərdə müəllimlər şagird və tələbələrə məcburi kitab aldırmağa cəhd edirlər. Hətta əks təqdirdə onları aşağı qiymət yazmaqla təhdid edirlər. Sosial şəbəkədə bu mövzu ilə bağlı narazılıq edənlərin sayı artıb.
Maraqlıdır, müəllimlər şagirdlərə məcburi kitab aldıra bilər?
“İstər ali məktəblər olsun, istərsə də orta məktəblər, məktəblərdə müəllimlər tərəfindən şagird və tələbələrə məcburi kitab aldırmaq cəhdləri birmənalı şəkildə yolverilməzdir”
Təhsil eksperti Nadir İsrafilov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, istər ali məktəblər olsun, istərsə də orta məktəblər, məktəblərdə müəllimlər tərəfindən şagird və tələbələrə məcburi kitab aldırmaq cəhdləri birmənalı şəkildə yolverilməzdir: “Hələ üstəlik də əks təqdirdə aşağı qiymət yazmaqla səni təhdid edələr. Düzdür, qəzet və jurnallara abunə yazılışı, köməkçi tədris vəsaitlərinə, sirkə, kino və teatr tamaşalarına, yeni il şənliklərinə bilet satışı ilə əlaqədar pul yığmaq halları əvvəllər də olub. Lakin bu kimi hallar heç bir halda məcburiyyət və təhdid vasitəsinə çevrilməyib. Yaşlı və orta nəslin bir çox nümayəndələri xatırlamamış olmazlar ki, ozamankı kiçik yaşlı uşaqlara məktəblərdə “Göyərçin” jurnalı, nisbətən böyüklərə “Pioner” qəzeti, daha böyüklərə “Azərbaycan gəncləri” qəzeti və “Elm və həyat jurnalı”, müəllimlərə isə “Azərbaycan müəllimi” qəzeti yazdırırdılar. Lakin bu, heç də məcburi şəkildə deyil, könüllülük əsasında həyata keçirilirdi. Məsələnin digər fərqli cəhəti də ondan ibarət idi ki, istər şagirdlər, istərsə də müəllimlər bunda maraqlı idilər və böyük səbrsizliklə qəzet, jurnal paylayan poçtalyonun yolunu gözləyirdilər. Qəzet, jurnal, kitab və bu kimi əlavə vəsaitlər şagirdlərərin ümumi inkişafı, sirkə, teatra, muzeylərə səyahətlər isə onların asudə vaxtının səmərəli təşkili və sinifdənxaric və məktəbdən kənar işlərin təşkili baxımından nəinki lazımdır, hətta vacibdir. Lakin bu kimi hallardan sui-istifadə yolu ilə yararlanmaq nə məktəbə, nə də müəllimə başucalığı gətirər”.
Günel CƏLİLOVA