Böyrək, qaraciyər, sümük iliyi transplantasiya əməliyyatları da icbari tibbi sığortaya əlavə olundu
Xidmətlər zərfinə yeni əlavə edilən xidmətlərin sırasında böyrək, qaraciyər, sümük iliyi transplantasiya əməliyyatları var.
Trend xəbər verir ki, bu barədə TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov qurumun 5 illik fəaliyyətinə həsr olunan hesabat tədbirində çıxışı zamanı deyib.
“Hazırda bu əməliyyatlar, əsasən, icbari tibbi sığorta çərçivəsində müqaviləli özəl tibb müəssisələrində icra olunsa da, gələcəkdə TƏBİB-in tabeliyindəki tibb müəssisələrində də belə əməliyyatların keçirilməsi nəzərdə tutulub.
Növbəti illərdə sümük iliyi transplantasiyası əməliyyatının Yeni Klinikada tətbiqi planlaşdırılır. Bunun üçün artıq həkim-cərrahlarımız Türkiyədə təlimə göndəriliblər”,- deyə o bildirib.
Qeyd edək ki,TƏBİB-in 5 illik fəaliyyətinə həsr olunan hesabat tədbiri keçirilir.
Tədbirdə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, Səhiyyə naziri cənab Teymur Musayev, Milli Məclisin Səhiyyə komitəsinin sədri, millət vəkili cənab Əhliman Əmiraslanov və digər rəsmilər iştirak edir.