“Həyata pozitiv baxaq!” adlı layihə başlayıb
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 01 iyul 2023-cü il tarixindən etibarən “Həyata pozitiv baxaq!” adlı layihəyə start verilib.
Layihə “Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyi tərəfindən həyata keçirilir. Layihənin mövzusu hər zaman gündəmin ən aktual mövzuları sırasında olan intiharlarla bağlıdır. Dörd ay davam edəcək layihə çərçivəsində Bakı və Gəncə şəhərlərində 12-60 yaş arası hədəf qrupları (qadın və kişi) əhatə edəcək maarifləndirmə tədbirləri təşkil olunacaqdır. Layihənin əsas məqsədi cəmiyyətimizdə intiharların yolverilməzliyinin təlqin edilməsi, regionda baş verən intiharların sayının azalmasına nail olmaqdır.
Ölkəmizin parlaq gələcəyi naminə sağlam düşüncəli, sağlam ruhlu, təfəkkürlü gənclərin yetişməsi üçün layihə çərçivəsində həm şagirdlərlə həm də tələbə və valideynlərlə maarifləndirici görüşlər təşkil olunacaqdır. İntiharın, özünəqəsdin acizlik olduğunu, əslində insanın nə qədər güclü, iradəli olduğu haqqında geniş fikir mübadiləsi aparılacaqdır. Gənclər həyatlarını necə düzgün istiqamətləndirməli, çətin vəziyyətdən çıxış yollarını necə axtarıb tapmaları mövzusunda onlarla psixoloji və maarifləndirici söhbətlər aparılacaqdır.
Təşkil olunan tədbirlərə mütəxəssislər dəvət olunacaqlar ki, mövzu ətrafında daha geniş fikir mübadiləsi aparılsın. Layihə çərçivəsində intiharların səbəbləri, intihar psixologiyası, özünəqapanma, depressiya halları, bunların aradan qaldırılması, valideyn məsuliyyətsizliyin acı nəticələri və intiharı əhatə edən bütün mövzular haqqında hazırlanan kitab çap olunacaqdır. Bu kitablar bölgələrdə təşkil olunacaq tədbirlərdə iştirakçılara paylanılacaq. Layihə 31 oktyabr 2023-cü il tarixində yekunlaşacaqdır.