Dağlar oğlu
Əlbəttə, dostları insanlar bir dəfə seçir, min dəfə sınaqdan çıxarırlar. Söhbət əsl dostdan gedir. Vəzifəsindən, məslək və yaşından asılı olmayaraq haqqında yazdığım gözəl insan, səmimi dost, Elşad Salman oğlu Qasımov (Elşad Dağlı) belələrindəndir.
Mən Elşad müəllimi uzun illərdir ki, tanıyıram. Bizim dostluğumuz bu gün də davam edir. Təkcə özümüz deyil, ailə üzvlərimiz də yaxın dost və rəfiqədirlər. Elşad müəllim sözübütöv, xeyirxah, səmimi ürək adamıdır. O, "Cabir Novruz" Mədəniyyət Fondu mətbuat xidmətinin rəhbəridir. Ağıllı məsləhətləri, səmimi söhbətləri, şən zarafatları ilə hər kəsi ətrafına toplaya bilən bir insandır. Keçən il 65 illiyi oldu. Zəng vurub təbrik etdim. Yaxınları, dostları da təbrikə gəlmişdi. Məclis çox gözəl keçdi. Həm də onun növbəti "Tarixə qovuşan ömürlər" kitabı da işıq üzü görmüşdü.
Kitabın birinci bölməsi İkinci Qarabağ döyüşlərində fədakarlıq göstərmiş, qəhrəman Siyəzən şəhidlərinin qısa həyat və fəaliyyətindən bəhs edilir.
İkinci bölməsində lirik şeirlərindən ibarət seçmələr, üçüncü bölməsində müxtəlif illərdə yazdığı hekayələri, dördüncü bölmədə isə müəllifin yada düşən xatirələri və digər yazıları yer almışdır.
Kitaba ön söz yazan filologiya elmləri doktoru, professor Məmməd Əliyev qeyd etmişdir ki, onun xüsusilə "Ana" şeiri ədəbiyyatımızda anaya olan sevgi və məhəbbətini yüksək tərənnüm etmişdir.
Yazımı Elşad Dağlıya həsr etdiyim şeirlə bitirib, ona ən xoş arzu və istəklərimi bildirirəm.
Bəlkə də korlanıb, itibdir huşum,
Odur ki, istərəm səndən soruşum.
Altmış beş nədir ki, ay pir olmuşum,
Yüz illik yubiley, gözləyir səni.
Maşallah nə qədər dost, tanışın var,
Adınla fəxr edir, daima onlar.
Sənindir qarşıdan gələn bu bahar
Başqa fəsillər də izləyir səni.
Sənətdə ustadsan, nəroğlu, nərsən,
Adı dastan olan, coşqun hünərsən.
Sən belə igidsən, əroğlu, ərsən,
Baxma ki, namərdlər izləyir səni.
Çox işlər görmüsən, təmiz adınla,
Uçarsan göylərdə qol-qanadınla.
Deyirəm, ay Elşad, öz istedadınla,
Görmüşük hər iştə müntəzir səni.
Xoş keçsin günlərin, xoş keçsin anın,
Ucalsın göylərə şöhrətin-şanın
Çox çəkmə cövrünü fani dünyanın,
Fikirlər, xəyallar üzməsin səni.
Sən mənim xalqımın əziz oğlusan,
Hər işdə, əməldə düzsən, doğrusan.
Xəyalsan, arzusan, şirin yuxusan,
Duyğular axtarıb, hey gəzər səni.
Məşədi Nəcəf